- Mədəniyyət

Azərbaycana dair kitab kolleksiyası Səmərqənddəki İpək Yolu Beynəlxalq Turizm Universitetinə hədiyyə edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qədim Səmərqənd şəhərindəki İpək Yolu Beynəlxalq Turizm Universitetinə ölkəmizin tarixi, dövlətçiliyi, iqtisadiyyatı, turizmi, ədəbiyyatı, tarixi şəxsiyyətləri haqqında Azərbaycan, özbək, rus və ingilis dillərində kitablar hədiyyə edilib.

AZƏRTAC xəbər verir ki, nəşrlər arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən kitablar var. Kolleksiyada AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb. Həmçinin AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən” əsəri, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”i, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda kitablar da hədiyyə olunan nəşrlər arasındadır.

Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycandan universitetə turizmə dair nəşrlər də göndəriləcək.

Xatırladırıq ki, bu haqda razılıq Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu yaxınlarda Özbəkistana səfəri zamanı keçirdiyi görüşdə əldə olunub.