Azərbaycanın fəxri qonaq ölkə olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində
“Yeni Azərbaycan hekayəçiliyi və romançılığı” mövzusunda panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, paneldə Azərbaycan yazarları Aqşin Yenisey, Nərmin Kamal, Cavid Zeynallı və Ülvi Babasoy çıxış ediblər.
Paneldə Azərbaycan nəsrində gedən proseslər və ədəbiyyatımızda realizm ənənəsi ilə bağlı müzakirə aparılıb. Yeni Azərbaycan nəsrində Qarabağ mövzusu və yazıçı-oxucu münasibətləri də diqqət mərkəzinə çəkilib.
Yazarlar oxucuların suallarını cavablandırıb.
Həmçinin görkəmli rus şərqşünas-alimi Yevgeni Bertelsin türk dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub.
Qeyd edək ki, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Yevgeni Bertelsin (1890-1957) bu kitabı 1940-cı ildə Bakıda nəşr olunub. Tədqiqatçı Şərqin Əlişir Nəvai, Sədi Şirazi, Əbdürrəhman Cami, Əbülqasım Firdovsi və başqa görkəmli şairlərinin yaradıcılığını da tədqiq edib.
Stendimizdə təşkil edilən daha bir tədbir “Azərbaycanda nəşriyyat mədəniyyəti” mövzusunda panel müzakirə olub. Naşirlər Şəmil Sadiq, Nurman Tariq, Rafiq İsmayılov və digərləri ölkəmizdə kitab sənayesinin hazırkı vəziyyəti, bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Eyni gün stendimizdə yazıçı Rəvan Cavidin türk dilində işıq üzü görən “Absurd menyu” və esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun “Gələcəyin tarixi” (türkcə) kitablarının imza mərasimləri keçirilib.
Qeyd edək ki, İstanbulda keçirilən sərgi noyabrın 10-a qədər davam edəcək.