- Mədəniyyət

Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Azərbaycan bu il Türkiyədə keçirilən 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində Fəxri Qonaq statusunda təmsil olunacaq.

“Report” xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək tədbirdə icimai-siyasi xadimlər, dövlət rəsmiləri, şair və yazıçılar, o cümlədən insəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti iştirak edəcək.

Məlumata görə, noyabrın 3-ü Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycan stendinin daxilindəki xüsusi stenddə öz nəşrlərini sərgiləyəcək. Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Səninləyik Türkiyə” adlı şeir antologiyasının təqdimat mərasimi keçiriləcək.

Həmçinin Süleyman Çələbinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türkcə və almanca nəşr edilən “Mövlid” kitabının təqdimat mərasimi baş tutacaq. Daha sonra isə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi şair Vaqif Səmədoğlunun 85 illik yubileyi və Türkiyə türkcəsində nəşr olunan “Mən burdayam, İlahi” kitabının təqdimat mərasimi baş tutacaq.

Qeyd edək ki, tədbirlərin hər biri TÜYAP Sərgi Mərkəzinin Beynəlxalq Salonunun Azərbaycan stendində keçiriləcək. Fondun qurucu üzv dövləti olan Azərbaycanın, Fondun digər qurucu üzv dövləti olan Türkiyədə Fəxri Qonaq Statusunda təmsili olduqca böyük mədəni və tarixi hadisədir. O cümlədən Fond 41-ci İstanbul Kitab Sərgisində bir sıra kitab təqdimatları da təşkil edəcək.