- Manşet, Mədəniyyət

Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans təşkil edilib

Ölkəmizdə artıq 13-cü dəfədir ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmişə olduğu kimi, bu il də festivalın proqramı zəngindir. Festival çərçivəsində bir sıra tədbirlər keçirilib, konsert proqramları təşkil olunub. Bu gün bizim təşkil etdiyimiz elmi konfrans da bu festival ərəfəsində reallaşan tədbirlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə ittifaqda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda təşkil edilən elmi konfransda səsləndirib.

“Nizami Gəncəvi İli” çərçivəsində rəhbərlik etdiyi qurumda bir sıra tədbirlərin təşkil olunduğuna diqqətə çəkən Firəngiz Əlizadə söyləyib ki, quruma üzv olan bəstəkarlar da bu il bütün qüvvələrini səfərbər edərək çalışıblar. “Bəstəkarlar həm Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına, həm “Nizami Gəncəvi İli”nə , həm də Zəfər Günümüzə töhfə olaraq yeni əsərlər üzərində işləyiblər. Zəfər Günü ilə əlaqədar 18 əsər hazırlanıb ki, o da yaxın günlərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasında səsləndiriləcək. Azərbaycan bəstəkarları həmişəki kimi yazıb yaradırlar. Mən musiqiçilərimizi də bu mövzuda aktiv olmağa çağırıram”, – deyə Xalq artisti vurğulayıb.

Sonra konfransda respublikanın tanınmış musiqişünasları Üzeyir Hacıbəyli və onun məsləkdaşı görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığına dair məruzələri təqdim ediblər. ABİ-nin məsul katibi, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Məmməd Sadıq Əfəndiyevin Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmailovanın “Üzeyir Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Müslüm Maqomayevin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində”, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasovanın “Üzeyir Hacıbəyli ənənələri Əşrəf Abbasovun yaradıcılığında və rəhbərlik fəaliyyətində” mövzularında məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Elmi konfrans çərçivəsində, həmçinin Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə dahi bəstəkarın “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi məqsədilə, ABİ tərəfindən keçirilmiş “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi laureatlarının əsərləri, o cümlədən Lalə Cəfərovanın “Səbr et” (solist – Əməkdar artist Fərid Əliyev) və Azər Dadaşovun “Sevgi qanaddır” (solist – Nigar Cəlilova) qəzəl-romansları ifa olunub.