- Cəmiyyət, Manşet, Xəbərlər

Azərbaycan Cümhuriyyəti: Milli azlıqlardan olan nazirlər – Nəsiman Yaqublunun yazısı

Yevsey Yakovleviç Gindes (1872-1952)
xalq səhiyyə naziri
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Səhiyyə naziri işləmiş Yevsey Yakovleviç Gindes 1872-ci ildə Kiyev şəhərində anadan olub. O, 1897-ci ildə Kiyev Universitetinin tibb fakultəsini bitirmiş, Kiyevdə professor Gernovun Uşaq klinikasında ordinator (1897 − 1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902 − 1903) işləmişdir.
O, 1905-ci ildə Bakıya köçmüş, Neft Sənayeçiləri Qurultayı Şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905 − 1914), 1914-cü ildən isə Uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur (bu xəstəxana 1922-ci ildən Pediatriya İnstitutuna, sonralar isə Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilmişdir).
Y.Gindes Uşaq  xəstəlikləri ilə bağlı  Zuğulbadakı sanatoriyanın təşkilatçısı və baş həkimi işləmişdir (1913 − 1930).
O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə F.X.Xoyskinin yaratdığı 3-cü Hökumət kabinetində (26.12.1918 − 14.03.1919) Xalq Səhiyyə naziri vəzifəsində çalışmışdır.
Y.Gindes 1932-1945-ci illərdə Bayıldakı Uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi işləmişdir. O, 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor olaraq təsdiq edilmişdir.
Y.Gindes 1945-1952-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Uşaq xəstəlikləri kafedrasının professoru olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd  məhsulları  (“Süd damcısı”) mətbəxi (Bayıl və Sabunçu rayonlarında filialı var idi) təşkil etmişdir.
O, Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq yay düşərgələri təşkil etmiş (1906), fəhlə uşaqları üçün körpələr evi açmışdır.
Y.Gindes 150-dən çox tibbi-elmi əsərin müəllifi olmuşdur. Ona Azərbaycanın Əməkdar həkimi adı verilmişdir.
Y.Gindes 1952-ci ildə Bakıda vəfat etmişdir.
İ.N.Protasov
Maliyyə Naziri
İ.N. Protasov Azərbaycan Parlamentinin üzvü olmuş və Slavyan-Rus Cəmiyyətinin adından orada təmsil edilmişdir O, həmin Cəmiyyətin sədri olan K.Lizqar ilə eyni vaxtda (Y.Gindes də buraya daxil idi) F.X.Xoyskinin təşkil etdiyi 3-cü Hökumət kabinetində (26.12.1918 − 14.03.1919) çalışmış və Maliyyə naziri vəzifəsini icra etmişdir.
İ.N.Protasov 1919-cu ilin martın 6-da parlamentə müzakirə üçün bir qanun layihəsi təqdim etmişdir.Həmin qanun layihəsi belə adlanırdı: “Spirtin aksiz altına alınmasına dair qanun layihəsi”.
Həmin qanunla bağlı ilk çıxışı M.Rəfiyev etdi. O, bu qanun layihəsinin spirt aksizinin artırılması haqqında olduğunu bildirdi.
İ.N.Protasovun təqdim etdiyi layihədə bu maddələr var idi: 1) Aksiz vergisi nizamnaməsinin 348, 349, 353, 379, 381 maddələri üzrə aksizsiz içki hissəsi ləğv olunur; 2) İstehsal olunacaq spirt hissəsinin aksizsiz buraxılması ləğvinin vaxtını təyin etmək ixtiyarı Maliyyə nazirinə həvalə edilir”.
Maliyyə naziri İ.Protasov çıxışında başçılıq etdiyi nazirliyin fəaliyyəti ilə parlament üzvlərini məlumatlandırdı. O, dedi: “Maliyyə nazirliyində işə başlayandan sonra büdcə haqqında qanunun olmadığına diqqət yetirdim. Odur ki, mənim gördüyüm ilk iş bu haqda qanun layihəsi hazırlamaq oldu. Çünki əks halda maliyyə sahəsində xaos yaranacaqdı. Qanun layihəsi artıq hazırdır və indi dövlət nəzarətinin son yoxlanışındadır. 2-3 gündən sonra mən onu geri alıb Nazirlər Şurasına aparacağam. Beləliklə, tez bir zamanda büdcə haqqında qanun layihəsi sizə təqdim ediləcək. Bu qanunun qəbulunu gözləmədən biz bütün nazirliklərdən gəlir və xərcləri ilə bağlı smetanın təqdim olunmasını xahiş etmişik. Bugünədək yeddi nazirlik öz smeta xərclərini təqdim etmiş, digər nazirliklərdən  isə sənəd  daxil olmamışdır. Onlardan da sənədləri qəbul edib  büdcəni  hazırlayacağıq. Parlament üzvlərinin diqqətinə çatdırıram ki, Maliyyə Nazirliyi hər zaman bu məsələni tezləşdirməyə çalışır. Maliyyə nazirliyi özünə aid smeta layihəsini artıq hazırlamışdır”.
İ.N.Protasovun bu çıxışından görünür ki, o, maliyyə sahəsini daima inkişaf etdirməyə çalışmışdır.
Viktor Viktoroviç Klenevski
sosial təminat naziri
Azərbaycanın Xalq Cümhuriyyəti dövründə Sosial Təminat naziri olan Viktor Viktoroviç Klenevski 1883-cü ilin fevralında Yelizavetpol (Gəncə − red.) şəhərində anadan olmuşdur. O, milliyyətcə polyakdır. Universitet təhsili almış və ixtisasca hüquqşünasdır.
V.Klenevski Universitet təhsilini bitirdikdən sonra Tiflisdə dövlət işində çalışmışdır. O, burada Qaçqınların işlə təmin edilməsi üzrə şöbə müdiri, Tiflis Dairə məhkəməsinin üzvü olaraq çalışmışdır.
O, Tiflisdə Qafqaz cəbhəsindən olan qaçqınların işi ilə məşğul olur, onların işlə təmin  edilməsinə çalışırdı. Klenevski o dövrdə bu sahədə artıq yüksək nüfuz qazanmışdı.Bu nüfuzunun nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə onu Sosial Təminat (Himayə) Nazirliyinə Qaçqınlarla iş üzrə idarəyə rəis təyin edirlər. Onun Azərbaycana dəvətində əvvəl hökumətdə nazir olmuş K.Lizqarın rolu var idi.
V.Klenevski 1918-ci ilin dekabrında nümayəndə heyətinin başçısı kimi Zəngəzura və Qarabağa gedib qaçqınların vəziyyəti ilə tanış olmuş, onların ağır, dözülməz vəziyyətinin aradan qaldırılması ilə bağlı təcili tədbirlər görülməsi üçün hökumətə geniş məruzə hazırlamışdı. Onun bu məruzəsi parlament üzvləri arasında da geniş yayılmışdı.
V.Klenevski 1919-cu ilin martın 14-də N.Yusifbəylinin təşkil etdiyi ikinci (ümumi sayca beşinci) Hökumət kabinetində Slavyan-Rus Cəmiyyətinin təmsilçisi kimi Sosial Təminat (Himayədarlıq − red.) naziri təyin olundu. O, bu vəzifəni 1919-cu ilin dekabrın 24-nə − hökumətin istefasına qədər icra etdi.
O, nazir vəzifəsində çalışarkən xeyriyyəçilik fəaliyyətinə üstünlük verir, kimsəsiz uşaqların qayğısına qalır, hökumətin yığıncaqlarında, idarəçilik xarakterli toplantılarda iştirak edirdi.
V.Klenevski nazir olaraq Azərbaycan Parlamentində ilk dəfə 1919-cu ilin 14 iyulunda keçirilən 55-ci iclasında çıxış etdi.
H.Ağayevin sədrliyi, Ə.Cövdətin (Pepinovun − red.) katibliyi ilə keçirilən iclasda 13-ə qədər məsələ müzakirəyə çıxarıldı. Müzakirə edilən 12-ci məsələdə Ermənistandan olan müsəlman qaçqınlarına , 13-cü məsələdə isə Zəngəzur qaçqınlarına yardım nəzərdə tutulurdu. Hər iki məsələ üzrə əsas məruzəçi Ə.Əmircanov idi.
Bu məsələlər ətrafında M.Rəfiyev, R.Ağabəyov, H.K.Sanıyev, S.M.Qənizadə, A.Aşurov, A.Kazımzadə, M.Hacıbabayev çıxış etdilər.
M.Rəfiyevin ikinci dəfə çıxışından sonra söz Sosial Təminat naziri (sədr onu belə təqdim edir: Ümumi Xeyriyyə naziri) Klenevskiyə verildi. O, çıxışında dedi: “Hökumət bütün gücünü qaçqınlara köməyə sərf edir. Ancaq necə kömək etmək? Onların özlərini saxlaması üçün ən aşağı yaşam xərci ilə təmin etməliyik. Aşağı yaşam xərci hazırda ayda 600-800 rubl həcmindədir. Göründüyü kimi, heç bir dövlət, o cümlədən, Azərbaycan indiki vaxtda bu qədər pulu sərf edə bilməz. Əgər buna,minimumdan hesablasaq, 40 milyon rubl sərf etmək lazımdır…”.
V.Klenevski çıxışında başçılıq etdiyi nazirliyin qaçqınları işlə təmin etmək imkanları araşdırdığını, onların ərzaqla təmin edilməsi və cəmiyyətin faydalı üzvünə çevrilməsi ilə bağlı çalışdığını qeyd etdi.
O, bildirdi ki, bizim nazirliyin səlahiyyətinə aid olmasa da, Xankəndində xəstəxana açılıb və o, Səhiyyə Nazirliyinə təqdim ediləcəkdir.
V.Klenevski Zəngəzurda həkimin, feldşerin sayının az olmasını onların aldıqları 670 rubl həcmindəki  aşağı miqdarda olan maaşla izah etdi. Qeyd etdi ki, bundan ötrü həkimlərin maaşları artırılmalıdır.O, bildirdi ki, səhiyyə dəstələrinin də təşkilinə başlanılmışdır. Və ilk olaraq, bu iş Qarabağda yaradılacaqdır. V.Klenevski eyni zamanda Şamaxıda 15 qida məntəqəsi və xəstəxananın açıldığını, tezliklə dağılmış evlərin bərpasına başlanılacağını qeyd etdi. O, Suraxanıdan Mərdəkana qədər yolun çəkilməsi üçün 3,5 milyon rubl lazım olduğunu da söylədi.
V.Klenevski çıxışının sonunda qaçqınların öz yerlərində qalması üçün Daxili İşlər və Əmək Nazirliklərinin təmsilçilərindən, eləcə də yerlərdəki nüfuzlu adamlardan və parlament üzvlərinin birindən ibarət olan komissiya yaradılmasını təklif etdi.
V.Klenevski Azərbaycan Xalq Cümhuriyyətində F.X.Xoyskinin 1918-ci ilin 26 dekabrında  təşkil etdiyi Hökumət kabinetində Ərzaq naziri vəzifəsini icra etmiş K.Lizqarın ən yaxın dostu idi. Onların hər ikisi 1918-ci ildə Tiflisdə əsası qoyulmuş Slavyan-Rus Cəmiyyətinin üzvləri idi.
1919-cu ilin dekabrında N.Yusifbəylinin başçılıq etdiyi Hökumət kabineti istefa verdikdən sonra V.Klenevski də nazir vəzifəsindən uzaqlaşdı.
V.Klenevski Bakıdan kənarda Fövqəladə Komissiyanın 1238 saylı orderi ilə əməkdaş Mirko tərəfindən 18 noyabr 1920-ci ildə Vladiqafqazda həbs olundu.
O, həbs ediləndə həyat yoldaşı Klavdiya Andreyevna 30 yaşında, qızı Kseniya isə 8 yaşında idi.
V.Klenevski 1920-ci ilin dekabrın 1−2-si arasında Bakıya gətirildi. Dekabrın 3-də isə onu Az.FK-nın müstəntiqləri sorğu-suala çəkdilər. Ona qarşı irəli sürülən əsas ittiham Azərbaycan Xalq Cümhuriyyətində nazir olması idi.
V.Klenevskinin həbsdən sonrakı həyatı haqqında məlumat öyrənmək mümkün olmadı.
Konstantin Nikolayeviç Lizqar(1882-1920)
Ərzaq Naziri
Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Hökumət kabinetində Ərzaq Naziri vəzifəsində çalışıb.
1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olub. 1914-cü ildə leytenant rütbəsi ilə orduya çağırılıb. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət edib. Xüsusi Zaqafqaziya Komitəsində Yollar komissiyasının kargüzarı və Yollar Komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışıb. 1918-ci ilin martında Slavyan-Rus Cəmiyyətini yaradanlardan biri və onun sədri olub. Həmin ilin oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Əkinçilik Naziri Xosrov bəy Sultanovun dəvəti ilə Bakıya gəlib, nazirlikdə xüsusi tapşırıqlar məmuru təyin olunub, Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Hökumət kabinəsində isə Ərzaq Naziri vəzifəsini icra edib.
1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən həbs edilib. Mayın 15-də əksinqilabi fəaliyyətdə və Sovet hökumətinə qarşı düşmənçilikdə ittiham edilərək güllələnib.
QEYD: Bu nazirlərin fəaliyyəti haqqında daha geniş məlumatı professor N.Yaqublunun “Cümhuriyyət Qurucuları”(Bakı, 2018) kitabından əldə etmək mümkündür.

moderator.az