Aprelin 25-də Ankaradakı “Cermodern” mərkəzində Azərbaycan Dövlət Kukla Teatrı kollektivinin quruluşunda “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan kollektivinin çıxışı Hadi Poyrazoğlu adına IV Beynəlxalq Kukla və Karagöz (kölgə teatrı) Teatrları Festivalının proqramına daxil edilib.
Birpərdəli tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyevadır.
Azərbaycan musiqi əsərlərinin müşayiəti ilə nümayiş etdirilən tamaşa azyaşlı tamaşaçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti ustaları da iştirak edirlər.
Festivalın proqramına Ankara və İstanbulda (26 aprel), daha sonra Azərbaycanda (28-30 aprel) və Özbəkistanda (2-5 may) çıxışlar daxildir. Tamaşaların son mərhələsi mayın 9-12-də ŞKTC-də nəzərdə tutulub.