- Mədəniyyət

Azərbaycan Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində N.V.Qoqolun eyni adlı əsəri əsasında hazırlanmış “Müfəttiş” tamaşasının premyerası uğurla keçib. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

AZƏRTAC xəbər verir ki, premyera şəhər rəisi rolunu ifa edən Azərbaycanın Xalq artisti Cəfər Namiq Kamalın (Cəfər Əhmədovun) 75 illik yubileyinə təsadüf edir.

Tamaşada Əməkdar artistlər: Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyarov, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev, Alfida Cəfərov, Aslan Şirin, aktyorlar: Nigar Güləhmədova, İlahə Həsənova, Məhsəti Tahirzadə, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Elnur Qədirov, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Tural İbrahimov iştirak edirlər.

Quruluşçu rəssam İlham Elxanoğlu, işıq üzrə rəssam Əməkdar mədəniyyət xadimi Rafael Vaqifoğlu, rejissor assistenti Xanımbacı Həsənovadır. Tamaşanın tərcüməsi – Sabit Rəhmanındır.

Tamaşanın sonunda Azərbaycanın Əməkdar artisti, professor Məryəm Əlizadə, Dram Teatrının bədii rəhbəri, Dövlət Mükafatı laureatı Mehriban Ələkbərzadə və Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı İsmayılov tamaşaçılar qarşısında nitq söyləyiblər.

Rejissor Mikayıl Mikayılov AZƏRTAC -ın müxbirinə müsahibəsində quruluş üzərində işin necə aparıldığı barədə danışıb.

Bundan əvvəl mənim quruluşumda “Müfəttiş” tamaşası artıq Azərbaycan Dram Teatrında nümayiş etdirilib. İlk premyeradan 9 il keçdi. Tamaşa 3-4 ilə yaxın teatrın repertuarında olub və böyük uğur qazanıb. Bu yaxınlarda bu tamaşanı bərpa etmək və şəhər rəisi roluna Cəfər Namiq Kamalı təqdim etmək, onun 75 yaşı tamam olduğunu nəzərə alaq, premyeranı bu hadisəyə həsr etmək ideyası yarandı. Beləliklə, tamaşa bərpa olundu və bunu çoxdan gözləyən tamaşaçılar onu yenidən izləyə biləcəklər, – deyə rejissor vurğulayıb.

Cəfər Namiq Kamal tamaşada iştirakla bağlı təəssüratlarını bölüşüb.

“Gənc yaşlarımdan Qoqolun bu əsəri üzərində işləmək istəyirdim, amma Xlestakov rolunda. Mən özüm bunu özüm üçün çox maraqlı şəkildə təhlil edirdim. Lakin nə 25 il işlədiyim Gənc Tamaşaçılar Teatrında, nə də indi işlədiyim dram teatrında bu rolu oynamaq şansım olmadı. Bununla belə, yubileyim münasibəti ilə mənə “Müfəttiş” tamaşasında şəhər rəisi rolu verildi. Bu əsər artıq dram teatrının repertuarında idi. Amma uzun müddət idi tamaşa səhnələşdirilmirdi. Mənim üçün bu yeni işdir, çox maraqlıdır, – deyə Xalq artisti qeyd edib.

Tamaşada Xlestakov rolunu parlaq ifa edən Elşən Cəbrayılov da AZƏRTAC -ın müxbiri ilə söhbət edib.

“Dünyaca məşhur olan “Müfəttiş”! Bu, çox gözəl tamaşadır, çox psixoloji tamaşadır, çox aktualdır. Xlestakov mənim sevimli rolumdur. Bütün dünyada bu obrazı ən istedadlı, böyük təcrübəyə malik aktyorlar canlandırıblar. Tamaşamızın quruluşçu rejissoru Mikayıl Mikayılov çox istedadlı rejissor, çox gözəl insandır. O, mənə deyəndə ki, mən Xlestakovu canlandıracağam, mən çox xoşbəxt idim ki, çünki bu rolu ifa etməyi xəyal edirdim, – deyə Əməkdar artist bölüşüb.