“Beynəlxalq Ordu Oyunları – 2021” çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqədə Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yaradıcılıq müsabiqəsində komandamız “Vokal ustalığı”, “Xoreoqrafik bacarıq”, “Instrumental janr” və “Sərgi fəaliyyəti” mərhələləri üzrə mübarizə aparacaq.
Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.
Müsabiqə avqustun 22-dən sentyabrın 5-nə kimi davam edəcək.
Qeyd edək ki, yarışlarda 20-dək ölkədən beş yüzdən artıq musiqiçi, vokalist və rəqqas iştirak edəcək.