Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə görüşüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Anar Kərimov Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, mövcud dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin uğurla inkişafına böyük təkan verdiyini qeyd edib. Gürcüstanla mədəni əlaqələrin inkişafının vacibliyini bildirən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin, iki ölkə arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Azərbaycanla Gürcüstan arasında kreativ sanəye, film istehsalı, ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, rəsmi səfərlərin və birgə tədbirlərin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Zurab Pataradze xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu söyləyib. İki ölkə arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edən diplomat mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Sonda iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə edilib.