Aprel ayının 16-da, saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.
Dövlət Sərhəd Xidmətidən APA-yaverilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozucuları əmrə tabe olmayıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd naryadı tərəfindən təqib edilərək saxlanılıblar. Saxlanılan şəxslərin İran vətəndaşları – 1991-ci il təvəllüdlü Feyzi Yaser Nəriman və 1993-cü il təvəllüdlü Hüseynpur Seccad Həsən olmaları müəyyənləşdirilib. Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri – Feyzi Yaser Nəriman qolundan yüngül yaralanıb və ilkin tibbi yardım göstərilərək Füzuli Rayonu Diaqnostika Mərkəzinə təxliyyə edilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.