Vasif SADIQLI
O gün hörmətli Qorxmaz Quliyevin bir statusuna rast gəldim: “M.Baxtin “Fransua Rable və Orta əsrlər və Renessans xalq mədəniyyəti” kitabında karnavalın xalqın öz mədəniyyətinin identikliyini qoruyub saxlamasının ən səmərəli yolu olmasını sübuta yetirmişdir. Karnaval paradoksal şəkildə lağ-lağı əhval-ruhiyyəsinin insana öz fərdiliyini təsdiq etməyə və topluma öz birliyini qoruyub saxlamağa imkan verirdi. Orta əsrlərdə yaranan karnaval fenomeni təkcə Renesansın deyil, yeni tarixin bütün mərhələlrinin xarakterini müəyyən etdi…” Deyəsən, koronavirus bütün dünyanı nəhəng karnaval meydanına çevrilmək fikrinə düşüb. Özü də hamı iştirakçıdır, tamaşaçı yoxdur… Qəribədir ki, karnavalın cövhəri olan lağ-lağı ovqatı insanları tərk etmir. Özü də koronavirus daha çox faciəvi xarakter kəsb etdikcə lağ-lağılıq daha da güclənir: məlum olur ki, insan birliyinin ən səmərəli yolu fərdin özünü, başqasını ələ salmaqdır: zarafat edirəm, deməli, varam!”.
Həri. Pandemiya qorxusu onun özü qədər zərərlidir. Allah bilir, Yustinian taununda nə qədər adam tauna mübtəla olmaq qorxusundan ölüb. “Tambov canavarı” Jidkov isə (“Kvartal 95”) deyir ki, koronavirusdan qorxanlardan koronavirusun özündən daha çox qorxur…
Ona görə “Künci-qəmxanədə bir surəti-divar” olanda belə şeylər yazmaq ayıb sayılmamalı, əksinə, təqdir edilməlidir. Elə həkimlər də deyir, qorxu immuniteti zəiflədir. Biz də klaviaturamızı ovxarlayıb “bir kaç kəlmə” ərz elədik, xoşbaxt olun. Dəstək verənlərə təşəkkür.
Bu gün yenə gedəmmədim,
Bizim marketə, marketə,
Polis qoymur bir də baxa,
Gözüm marketə, marketə.
Atım yoxdu yəhərlənə,
Dəli könlüm qəhərlənə,
Qoymurlar gedə hərlənə,
İzim marketə, marketə.
Gedib zibil atasıyam,
Siqaretsiz batasıyam.
Gecə dərdli yatasıyam,
Üzüm marketə, marketə.
Market yolu çaqıl-çaqıl,
Çıxıb dolaşırdıq mağıl,
Ay redaktor, sən tezcə qıl,
Çözüm marketə, marketə.
Spirt içib urus ölüb,
Ac qalmaqdan Aruz ölüb,
Başqa yol yox, virus olub.
Sızım marketə, marketə.
Evlərinin önü yonca,
Acmamışdım heç bununca
Səksən bir nol üçdən öncə
Yazım “marketə, marketə.”.
Bir virusdu başı taclı,
Yoxdu dərmanı, əlacı,
Kəsmək istəyəndə qaçdı,
Qazım marketə, marketə.
Bu virusun boyu batsın,
Allah dadımıza çatsın.
Məsmə gedib zibil atsın,
Kazım marketə, marketə..
İzim bara həsrət qaldı,
Üzüm yara həsrət qaldı,
Qışım qara həsrət qaldı,
Yazım marketə, marketə.
Bülbül gül ilə barışsın,
Süsən sünbülə dolaşsın,
Tənim “məhbəs”ə alışsın,
Sözüm “market”ə, “market”ə.
Səhər Əhməd:
Bu sabah tezdən duruban,
Yenə boynumu buruban,
İki gözüm sizə qurban,
Özüm marketə, marketə.
Xurşid Banu:
Saçımdan ayırıb üç tel,
Əlimə alıb iri bel,
Bəlkə, evdən gizli tunel
Qazım marketə, marketə?
Pərvanə Bayramqızı:
“Od” adına “ot” qoydular,
Ata da “murad” qoydular,
İngiliscə ad qoydular
“Bizim marketə”ə marketə.
Nəriman Qasımoğlu:
Robinzonam bir adada,
Yox məni bir salan yada.
Düşünürəm hey bayaqdan
Üzüm marketə, marketə.
Gülyaz Əliyeva:
Marketimiz sanki qala
Allah yolum ora sala
Neçə polis baxır, bala,
Bizim marketə marketə?
Şahlar Göytürk:
Gedim qəndin, çayın alım,
Bir az ucuz, zayın alım,
Nisyə ayın-oyun alım
Düzüm marketə, marketə..
Kərbəlayi Sadiq:
Kim gedəcək hansı yana,
Bölüb, salmışıq sahmana.
Mən poçta, oğlum dərmana,
Qızım marketə, marketə.
Firidun Ağazadə
Əzizim, Vasif Sadıqlı
İlhamını ha qıdıqla,
Pulun yoxsa, çatmaz, bala,
Ərzin – marketə-marketə?
Xeyirli bazar günləri…