Oktyabrın 6-dan 10-na qədər Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin XVII Delfi oyunları keçiriləcək. Oyunlarda Azərbaycanı bir sıra mədəniyyət və incəsənət təhsil müəssisələri təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, oyunlarda 10-25 yaş arası gənclər iştirak edəcək. Onlar xalq, klassik və müasir incəsənətin müxtəlif nominasiyaları üzrə yarışacaqlar. Oyunlar çərçivəsində, həmçinin ustad dərsləri, rəsmi və elmi-praktiki tədbirlər keçiriləcək.
Qeyd edək ki, gənclər arasında keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin Delfi oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə keçirilir.
Müsabiqə proqramı aşağıdakı nominasiyalardan ibarətdir: fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq, milli alətlər. Müsabiqənin nəticələrinə görə qaliblərə xüsusi nominasiyalar veriləcək.
MDB ölkələrinin Delfi oyunları 2002-ci ildən bəri keçirilir.