Azərbaycan Milli Xalça Muzeyində Macarıstanın sədrlik etdiyi Mərkəzi Avropa Mədəniyyət Platformasının “Gələcəkdə nə geyinəcəyik?” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Mərkəzi Avropa Mədəniyyət Platformasına üzv ölkələrin (Avstriya, Çexiya, Macarıstan, Slovakiya) və Azərbaycanın dizayner-modelyerlərinin əl işləri nümayiş etdirilir.
Moda və dizayn sahəsində təhsil alan 28 istedadlı tələbə birgə sərgidə müxtəlif texnikalardan istifadə etməklə təkrar emal olunmuş təbii materiallardan hazırlanmış unikal geyim nümunələrini təqdim ediblər. Moda dizaynerləri öz işləri ilə ənənəvi tullantı anlayışına qarşı çıxış edərək, biomaterialların və tekstilin transformasiya potensialını nümayiş etdirirlər. Onlar, həmçinin müasir dizaynda orijinallıq, intuisiya, müstəqil və tənqidi düşüncənin roluna diqqəti yönəldir və təkrar emalı genişləndirmək yolu ilə moda sənayesini ekoloji cəhətdən daha təmiz etmək imkanına işarə edirlər.
Tədbirdə çıxış edən Macarıstan səfiri Tamaş Torma qonaqlara təşəkkür edib, sərginin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovaya minnətdarlığını bildirib.
Daha sonra səfir platforma barədə danışıb. O, Mərkəzi Avropa Mədəniyyət Platformasının Avstriya, Çexiya, Slovakiya və Macarıstan tərəfindən ölkələr arasında mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradıldığını vurğulayıb.
“Yarandığı gündən əsas məqsədimiz mədəniyyət institutları, səfirliklər və mədəniyyət diplomatiyası ilə məşğul olan təşkilatlar arasında dialoq və birgə layihələr üçün məkan yaratmaq olub”, – deyə o, qeyd edib.
Tamaş Torma yaradıcı gənclərin tanıdılması və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsi üçün belə təşəbbüslərin əhəmiyyətini də vurğulayıb: “Bu platforma təkcə təcrübə mübadiləsinə deyil, həm də geniş ictimaiyyətin ölkələrimizin mədəni həyatı ilə tanış olmasına və ümumi mədəni dəyərlərin möhkəmləndirilməsinə xidmət edir”.
Davamlılıq və moda arasındakı əlaqəni tədqiq edən, fərqli yanaşma və həll yollarını axtaran layihə Mərkəzi Avropa Mədəniyyət Platforması, Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirdə qonaq qismində Milli Məclisin deputatları Səməd Seyidov və Elman Nəsirov da iştirak ediblər.
Sərgi aprelin 13-dək davam edəcək.