Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycan muğamı” layihəsi çərçivəsində “Çahargah” muğamı təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert proqramında “Muğam” Televiziya Müsabiqəsinin laureatı Vüsal Qasımov, xanəndələr Anar Quliyev və Sadiq Qasımov çıxış ediblər.
Konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə bildirib ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.
“Layihədə təqdim edilən muğamlar və dəstgahlar haqqında ifalardan əvvəl qısa xülasə verilir. Bu da muğamla ilk tanışlığı olan dinləyicilərdə həmin dəstgah haqqında dolğun məlumat yaradır. “Çahargah” dəstgahı öz əzmkarlığı və mərdanəliyə səsləməsi xüsusiyyəti ilə seçilir. Bizim ən vacib missiyalarımızdan biri əcdadlarımızdan bizə miras qalan muğamlarımızı gələcək nəslə ötürməkdir. “Muğam dəstgahları” layihəsi də məhz bu amala xidmət edir”,-deyə S.Paşazadə əlavə edib.
Daha sonra xanəndələrin ifasında “Çahargah” dəstgahı dinlənilib. Xanəndələri Kamal Nuriyev (tar), Oqtay Şərifov (kamança), Məryəm İslamova (qanun), Rafael Əsgərov (balaban) və Amil Mustafayev (nağara) müşayiət edib.