Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan muğamı” layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir.
Layihənin ilk konsertində tar, kamança və qanun alətlərində ifa edən sənətkarların ifaları təqdim olundu. İfaçılıq ənənələrinin yaşadılması və ötürülməsinə yönələn bu layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gələcək.
Konsertdə tanınmış ifaçılar, Xalq artistləri Şəfiqə Eyvazova, Malik Mansurov, Əməkdar artistlər Təranə Əliyeva, Çinarə Mütəllimova, Vüsal İsgəndərzadə, Ələkbər Ələkbərov, beynəlxalq və respublika müsabiqələri laureatları Aysu Sadıqova, Arifə İmanova, Ayaz İmranov, Elnur Mikayılov çıxış ediblər.
Konsert tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanıb.