Nigeriyanın dövlət müstəqilliyi günü münasibətilə Laqos şəhərində keçirilən “Banana Mədəniyyət Festivalı”nda ölkəmizi “Azərbaycanın Dostları” Təşkilatı təmsil edib.
Diaspora İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, festival Nigeriyada yaşayan müxtəlif icmaların öz ölkələrini təmsil və təbliğ etmək, tarixləri, mədəniyyətləri və milli mətbəx nümunələri barədə məlumatları yerli ictimaiyyətlə paylaşmaq məqsədilə təşkil olunub.
Azərbaycan guşəsində festivalın qonaqlarını milli geyimdə “Azərbaycanın Dostları” Təşkilatının prezidenti Billurə Bayramova və icma üzvləri qarşılayıblar. Qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib, onlara müxtəlif dillərə tərcümə edilmiş “Arşın mal alan” bədii filminin DVD-ləri və milli mətbəx nümunələri təqdim olunub.
Qeyd edək ki, festivalı Nigeriyanın rəsmi şəxsləri, müxtəlif ölkələrin səfirləri və Laqos şəhərində yerləşən məşhur şirkətlərin nümayəndələri ziyarət ediblər.