Qətər Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri dünyanın ən modern kitabxanalarından biri hesab olunan Qətər Milli Kitabxanasında olublar.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli, ərəb dilinə tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, “Çinar yayımları” nəşriyyat evinin direktoru Bəhram Oruclu kitabxananın oxu zalları, kitab kolleksiyaları, nadir kitablar və əlyazmalarının nümayiş olunduğu muzeylə tanış olublar. Kitabxananın muzeyində mühafizə olunan Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının 1529-cu ildə üzü köçürülən əlyazması və digər kitab kolleksiyaları ziyarətçilərdə böyük maraq yaradıb.
Dörd il öncə Qətər Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında bağlanan müqavilənin şərtlərinə əsasən, hər iki Milli Kitabxana arasında qədim kitabların və əlyazmaların elektron nüsxələrinin yaradılması və mübadiləsi işi yaxın zamanlarda həyata keçiriləcək.
Xatırladaq ki, Doha şəhərində kitab sərgisi yanvarın 22-dək davam edəcək.