Daşkənddəki Yeni Özbəkistan Universitetində “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirilib, iştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təbliğ ediblər. Festivalda Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycan milli stendi ilə təmsil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Daşkənddə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı çap etdirdiyi kitablar, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, suvenirlər nümayiş etdirilib.
Azərbaycan guşəsinə gələnlərə plov, dolma, müxtəlif qutablar, dovğa və şirniyyatlarımız-şəkərbura, paxlava təklif edilib. Qonaqlar Azərbaycan çayının dadına baxıblar.
Guşəyə gələnlərə ölkəmizin tarixi, Azərbaycan-Özbəkistan dostluğu haqqında məlumat verilib.
Festivalda iştirak edən digər ölkələr də öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.
Qonaqlar özbək milli libaslarının dəb nümayişinə, kəndirbazların, sirk ustalarının maraqlı təqdimatlarına da maraqla baxıblar.
Festival çərçivəsində təşkil edilən konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.