Çilinin nüfuzlu “Aerea” Revista Hispanoamericana de Poesía” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairləri Səməd Vurğunun “Şair nə tez qocaldın sən?”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Məmməd Arazın “Əlvida dağlar” şeirlərinə və yaradıcılıqları haqqında məlumatlara geniş yer ayırıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2001-ci ildən nəşr edilən jurnal İspaniya və Kolumbiyada da geniş oxucu auditoriyası qazanmaqla yanaşı, ABŞ-ın və digər ölkələrin universitetlərində də tədris olunur.
Şairlərimizin şeirlərinin həm Azərbaycan, həm də ispan dilində işıq üzü gördüyü jurnal mütəmadi olaraq Monika Velaskes Qusman, Karlos Aquasakon, Leonel Alvarado, Luis Benites və Viktor Koral kimi dünyaca məşhur şairlərin əsərlərinə yer ayırır.
Jurnalın baş redaktoru tanınmış Argentina şairi Daniel Kalabresedir.