- Mədəniyyət

Azərbaycan və Türkiyə Özbəkistanda mədəniyyət sahəsində birgə layihələr həyata keçirəcək

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin bu ölkədəki səfirliyinin birinci katibi, diplomat Buğra Doğanla görüşüb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzində keçirilən görüşdə Samir Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycanla qardaş Türkiyə, habelə dövlət başçılarımız arasında yüksək səviyyəli əlaqələr barədə danışıb, Türk dünyası arasında mədəni layihələr, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizə dəyən ziyan, ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdiyi vandalizm siyasəti, mədəni abidələrimizin dağıdılması və sair haqqında öz fikirlərini bildirib.

Buğra Doğan Türkiyə-Azərbaycan münasibətləri, tarixi əlaqələr barədə danışıb, Azərbaycan torpaqlarının işğaldan azad olunması, qazanılan zəfər münasibətilə təbriklərini çatdırıb.

Diplomatlar ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığına dair sözlərini xatırladaraq dövlətlərimiz arasında yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.