Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib.
APA xəbər verir ki, icrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim edilib.
Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib. Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub. Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb.