Oxucular gileyli, tərcüməçilər isə ümidlidirlər
“Fikrimcə, xarici dillərdən Azərbaycan dilinə tərcümə edilən bədii əsərlərin əksəriyyətində hisslərin ifadə olunması çox zəifdir. Tutaq ki, əsər ölümsüz eşqdən, sevgiləri uğrunda ölən aşiqlərdən bəhs edir. Amma tərcüməçilər həmin aşiqlərin duyğularını dərindən verə bilmirlər. Sevgi hisslərini ütülü, üzdən yazırlar.
Yaxud götürək elə yapon yazıçısı Haruki Murakaminin əsərlərini. Mən bu yazıçının tərcümə olunmuş əsərlərini həm türk, həm də öz dilimizdə oxumuşam. Fikir vermişəm ki, eyni əsərin türk dilində oxuduğum nümunəsində hisslər insana təsir edəcək dərəcədə qüvvətli formada əksini tapıb. Təəssüf ki, Azərbaycan dilinə edilən tərcümə ilə bağlı bunu demək olmur. Müqayisə edəndə də görmüşəm ki, bir çox halda əsərdə hisslərin ifadəsindəki müəyyən sözlər çıxarılır. Bu isə sünilik yaradır və oxucunu əsərin cazibəsindən uzaqlaşdırır…”
“…Qriqori Petrovun “Bəyaz zanbaqlar ölkəsi” əsərini tərcümədən oxudum. Dili çox bəsit idi, sinonimlər əvəzinə eyni sözlərdən istifadə olunurdu. Həmin sözlərin də çoxu yerinə düşmürdü və bayağı səslənirdi. Buna görə də duyğuya qapılıb əsərdəki hadisələri gözümün qarşısında canlandıra bilmədim. Səthi oxudum. Məncə, qabarıq görünən səhvlər əsərlə oxucu arasında sədd çəkir. Halbuki Etel Lilian Voyniçin vaxtilə dilimizə tərcümə olunmuş və Kiril əlifbasında olan “Ovod” əsərini indi də əlimə götürüb oxuyanda hisslərimə hakim ola bilmirəm, gözlərimdən yaş süzülür…”
Nümunə gətirdiyimiz bu fikirləri xarici bədii əsərlərin Azərbaycan dilinə tərcüməsinin hansı səviyyədə olması ilə bağlı rəylərini soruşduğumuz Əsmər və Ülkər adlı gənc oxucular səsləndirdilər.
Ümumiyyətlə, hazırda ədəbi tərcümələrin dilimizə çevrilməsində ciddi qüsurların olması ilə bağlı oxucular tərəfindən xeyli tənqidi fikirlər səsləndirilir.
Tənqidçilər isə burada qrammatik və orfoqrafik səhvlərin çoxluğundan tutmuş ifadəliliyin olmamasına, sinxron tərcümələrin edilməsinə və digər amillərə qədər bir çox məqamı dilə gətirirlər. O da vurğulanır ki, Azərbaycanda tərcümə sahəsində ən böyük çatışmazlıq orijinaldan yox, ikinci dildən tərcümənin edilməsidir.
Tərcüməçilərin günü
1991-ci ildən bəri hər il sentyabrın 30-da Beynəlxalq Tərcüməçilər Günü qeyd olunur. Bu tarix Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonskinin 420-ci il sentyabrın 30-da dünyasını dəyişməsi ilə əlaqədardır.
Azərbaycanda da bədii tərcümənin tarixi qədimdir. Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə tərcümə edilib və tərcümə ənənəsi günümüzə qədər də davam edir.
Bəs hazırda Azərbaycanda tərcümənin vəziyyəti necədir? Dövlət Tərcümə Mərkəzindən bizə bildirildi ki, onlar Azərbaycan ədəbiyyatının daha çox ingilis, alman, ispan, gürcü, Ukrayna və digər dillərə bədii tərcüməsini həyata keçirirlər. Bu sıradan klassik ədəbiyyatdan Nizaminin, Nəsiminin, müasir ədəbiyyatdan İsa Muğannanın, Yusif Səmədoğlunun, Elçinin və digər yazarların kitablarını qeyd etmək olar. Xarici ədəbiyyatdan Azərbaycan dilinə isə daha çox ispan, fransız, ingilis, alman, rus, gürcü və digər dillərdə qələmə alınmış əsərlər tərcümə olunur. U.Folkner, C.Sellincer, Q.Q.Markes, M.Lyosa, A.Morua, A.Kamü, H.Böll, H.Hesse, V.Pşevala və digər dünyaşöhrətli müəlliflərin kitablarını da qeyd etmək olar.
Qeyd olundu ki, tərcümə və nəşr olunan kitablar əsasən hazırlıqlı, mütaliəli oxucunun istifadəsi üçün nəzərdə tutulur, kommersiya maraqları güdülmür. Dünya ədəbiyyatında xüsusi yeri olan, mərhələ yaratmış yazıçı və şairlərin kitablarının nəşrinə üstünlük verilir.
“Azərbaycan oxucusu daha çox hansı xarici ölkə yazarlarının ədəbi əsərlərinə üstünlük verir?” sualına mərkəzdən cavab verildi ki, buna birmənalı münasibət bildirmək çətin olsa da, ispandilli, ingilisdilli və rusdilli ədəbiyyatdan tərcümə olunmuş əsərlər oxucular tərəfindən daha maraqla qarşılanır.
Həmçinin ölkəmizdə Çin, yapon, hind, portuqal, skandinav dillərindən tərcümədə mütəxəssis çatışmazlığı hiss olunur.
“Dövlət Tərcümə Mərkəzi ölkədə peşəkar tərcümə mütəxəssislərinin yetişdirilməsi istiqamətində hansı addımlar atır?” sualına isə bildirildi ki, peşəkar tərcümə mütəxəssislərinin yetişdirilməsi istiqamətində hər il davamlı olaraq müxtəlif xarici dillər və sahələr üzrə seçim turları təşkil edilir. Turlar tərcüməçilərin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Niyə müasir tərcüməçilərimiz oxucuları qane edə bilmirlər?
Müxtəlif dillərdən tərcümə edilən əsərlər obrazlı ifadə etsək, həm də dünyaya açılan pəncərədir. Bu anlamda, bir növ tərcüməçiliyi özlərinə peşə seçən insanların vasitəçiliyi ilə fərqli ölkələr, dinlər, mədəniyyətlər, adət-ənənələr, ümumiyyətlə, insanların yaşam tərzi, həyata baxışları barədə məlumat almaq mümkündür. Təbii ki, duyğular və hisslər üzərində qurulan ədəbi nümunələri dilimizə çevirməklə məşğul olan tərcüməçilərin üzərinə daha çox iş düşür. Bunun öhdəsindən peşəkarlıqla gələndə ortaya mükəmməl incilər, gələ bilməyəndə isə sözün əsl mənasında şikəst edilən əsərlər çıxır. Təəssüf ki, oxucuların əksəriyyətinin söylədiklərindən məlum olur ki, hazırda onlar daha çox ikinci tip bədii tərcümə əsərləri ilə qarşılaşırlar.
Bəs Azərbaycan oxucusu nə üçün müasir tərcümələrin əksəriyyətinin bəsit, dayaz olduğundan şikayətlənir? Niyə tərcüməçilərin təqdim etdikləri nümunələr bir çox halda oxucuları qane etmir? Ümumiyyətlə, tərcümə sahəsindəki problemlər nədən qaynaqlanır: maliyyə səbəbindən sinxron tərcümələrin edilməsimi, tərcüməçilərin peşəkarlıq səviyyəsinin aşağı olmasımı, gənc tərcüməçilərin yetişməsi üçün şərait yoxluğumu?..
Belə bir fikir də var ki, ədəbi mətni tərcümə edən şəxs həm də mütləq yazıçı olmalıdır. Ümumilikdə peşəkar tərcüməçidən tələb olunan vacib keyfiyyətlər hansılardır?
Bütün bu suallarımızı tərcüməçilərin özlərinə ünvanladıq.
Azərbaycanda tabu olan mövzular
“Tərcüməçidən tələb olunan xüsusiyyətlər ilk növbədə öz dilinin ifadə imkanlarına sahib olması və tərcümə etdiyi dili yaxşı bilməsidir” söyləyən tərcüməçi Aygün Əziz bildirir ki, tərcümə işini bəzən ikinci müəlliflik adlandırırlar. Lakin ədəbi mətni tərcümə edən şəxsin yazıçılıq qabiliyyətinin olması vacib şərt sayılmır.
O əlavə edir ki, yazıçılıq elə də asan iş deyil: “Əgər hər tərcüməçi yazıçı olsaydı, onda inanın ki, tərcümə ilə heç kim məşğul olmazdı. Hamı hekayə, roman yazardı. Tərcüməçinin mütaliəsinin güclü olması və öz dilini bilməsi bu iş üçün lazım olan iki mühüm amildir”.
“Hazırda bizim oxucularda ümumiləşmiş şablon bir fikir var: Azərbaycan dilində tərcümələr keyfiyyətsizdir, tələbatı ödəmir, mətnlər qrammatik və orfoqrafik səhvlərlə dolu olur və digər bu kimi mənfi fikirlər eşidirik” söyləyən 25 illik tərcüməçilik təcrübəsinə malik A.Əzizin sözlərinə görə, əvvəla, harda iş görülürsə, orada səhvlərin olma ehtimalını inkar etmək mümkün deyil: “Düzdür, yaxşı olardı ki, heç səhv olmasın. Bunun üçün isə çalışıb işində məsuliyyətli və vicdanlı olan peşəkarlardan güclü komanda yaratmaq lazımdır”.
Oxucuların tərcümələrlə bağlı səsləndirdiyi bəsitlik, dayazlıq və sünilik məsələsi, sevgi səhnələrinin, arqo və jarqonların işləndiyi mətnlərlə bağlı fikirlərə isə tərcüməçi belə münasibət bildirdi: “Azərbaycanda bu mövzular hələ də tabu olduğuna görə belə səhnələrin, elə sözlərin tərcüməsində tərcüməçilər həqiqətən çətinlik çəkirlər. Dünya ədəbiyyatı bu baryeri aşıb. Amma biz hələ də tam aşa bilmirik. Fikirlər də haçalanır. Az bir qisim tərcüməçi belə hissələrin olduğu kimi, yəni çılpaqlığı ilə, ingilislərin öz təbirincə desək, hər şeyin öz adı ilə çağırılmasına tərəfdar olsalar da, amma buna girişməyən, hətta başlayıbsa belə həmin hissələrin yumşaq ifadə olunmasına, mümkün olduqca evfemizmlərdən istifadəyə, hətta milli mentalitetimizə sadiq qalaraq tamamilə o mənadan uzaq tərcümə edilməsinə üstünlük verən həmkarlarım da var”.
A.Əziz vurğulayır ki, hətta elə tərcüməçilər var ki, onlar birmənalı olaraq erotik ədəbiyyatı, seks mövzularının qabarıq təsviri olan kitabları (hətta elmi-kütləvi olsa belə) tərcümə etməkdən imtina edirlər: “Bu barədə onları qınaya bilmərəm. İnsanlar bəzən baryerləri aşmaqda çətinlik çəkirlər. Bəzi tərcüməçilər isə həmin söz və ifadələri tamamilə başqa sözlərdən istifadə edərək mənanın təhrif olunmasına səbəb olurlar. Onda da, əlbəttə ki, mətn quru, yeknəsəq və süni alınacaq”.
O qeyd edir ki, digər bir problem də bundadır ki, tabuları olan oxucularımız da az deyil. Onlar isə əksinə, tərcümə kitablarında rast gəldikləri qeyri-senzuralı sözlərə çox qəzəblə yanaşırlar: “Yəni burada ən doğru olan şey yazılanı olduğu kimi, bəzək-düzəksiz, gizlənpaç oynamadan olduğu kimi çatdırmaqdır. Tərcüməçi mətnə bacardıqca sadiq qalmalıdır. Düzdür, təsvirlərdə öz dilimizin zəngin ifadə çalarlarından istifadə etməklə mətni rövnəqləndirə bilərsən, amma yenə də yazıçının dilindən uzaq düşmək olmaz”.
Tərcümə sahəsində problemlər hələ də aktualdır
“Tərcümə sahəsində problemlər hələ də bizdə aktual mövzudur. Ümumiyyətlə, mətnlərin orijinaldan tərcüməsi arzuolunandır” söyləyən tərcüməçi hazırda buna üstünlük verildiyini bildirir.
İngilis, rus və türk dillərindən sərbəst şəkildə tərcümələr etdiyini söyləyən A.Əziz qeyd edir ki, amma bunun üçün başqa xarici dil mütəxəssislərinin olması da böyük üstünlükdür. Kitabları orijinaldan tərcümə etmək üçün ispan, italyan, portuqal, çin, yapon, ərəb, fars, Vyetnam dilləri… bilən tərcüməçilər nə qədər çox olsa, bir o qədər ümumi işə fayda verər. Çünki orijinaldan tərcümə daha gözəldir. Tərcümədən tərcümə orijinal əsərin bəzən zəif təqdim olunmasına gətirib çıxarır. Məlum məsələdir ki, müəyyən dərəcədə təhrifə yol verilməsi mümkündür…
O vurğulayır ki, pis tərcüməyə maliyyənin səbəb olması barədə mövzu onun üçün ağrılıdır: “Heç kəsin zorla əlinə kitab verib “sən bunu aşağı qiymətə tərcümə etməlisən” deyə öhdəlik qoyulmur. İnsan mövcud vəziyyətlə ya razılaşır, ya da razılaşmır. Amma üzdə ürəyindən olmayan məbləğə razılaşıb, əvəzində qəsdən aşağı keyfiyyətli iş təqdim edirsə, onda bu, ən yumşaq sözlə ifadə etsək, çox qeyri-peşəkar bir yanaşmadır. Belələri ilə xudahafizləşmək lazımdır. Çünki tərcüməçi nəşriyyatın nüfuzunu zərbə altına qoyur, hətta bəzən o qədər nadan olur ki, öz mənafeyinə də xələl gətirir”.
“Bir çox oxucu sovet dövründə edilən tərcümələrin müasir dövrdəkindən qat-qat yaxşı olduğunu söyləyir. Tərcüməçi olaraq bu fikirlə razısınızmı?” sualına gəlincə A.Əziz dedi ki, həmin vaxt indiki qədər çox tərcümələr edilmirdi. Edilənlər də əsasən rus dilindən olurdu. Rus dili də bizə az qala ikinci ana dilimiz kimi qəbul etdirilmişdi. Bu dildə hamı bilir, hamı danışırdı. O dildən tərcümə edən mütəxəssislər də az deyildi. Lakin bu, heç də onların tərcümələri mükəmməl etdiklərinə dəlalət etmir. Bugünkü gözlə baxanda o tərcümələrin özlərində belə nə qədər nöqsanlar olduğunu görə bilirik. Biz o dövrün tərcümələrini təkrar nəşrə göndərəndə artıq onların üzərində ciddi redaktə və korrektə işləri aparılır.
Tərcümə sözünün özü yaradıcılıq deməkdir
Tərcüməçi Araz Gündüzün fikrincə, müasir dövrümüzdə də Azərbaycanda kifayət qədər peşəkar tərcüməçilər var: “Peşəkar tərcüməçi ilk növbədə hər iki dili, yəni hansı dildən tərcümə edirsə və hansı dilə tərcümə edirsə, onları kifayət qədər dərindən bilməlidir. Ümumiyyətlə, “tərcümə” sözünün özü yaradıcılıq mənasını verir. Yəni müəllif bir yad dildən doğma dilə tərcümə ilə məşğul olursa, bu, artıq yaradıcılıq prosesidir. Eyni zamanda mətnləri də təsnifata ayırmaq olar. Düzdür, bədii mətnlər mənə tamamilə fərqli görünür, amma digər – elmi, fəlsəfi, texniki mətnlərə də bu meyardan yanaşmaq olar. Tərcüməçi tərcümə etdiyi mətnin bağlı olduğu sahəyə mütləq bələd olmalıdır. Misal üçün, elmi mətni tərcümə edən tərcüməçinin əgər o sahə üzrə müəyyən informasiyası yoxdursa, onun tərcüməsi anlaşılmaz olacaq, çünki həmin tərcüməni mexaniki şəkildə edəcək”.
A.Gündüzün sözlərinə görə, ədəbi mətnlərin tərcüməsi xüsusi bir məsələdir və burada yaradıcılıqla peşəkar olmasa da, ən azı həvəskar səviyyədə məşğul olmaq mühüm şərtdir: “Tərcüməçi bədii mətn tərcümə edirsə, bu sahədə müəyyən təcrübəsi, yaxud da geniş mütaliəsi olmalıdır. Peşəkar tərcüməçi digər dilə çevirdiyi mətni tərcümə edərkən onu yazan müəllifin düşüncə sisteminə qoşulmağı bacarmalıdır. Məsələn, öz təcrübəmdən deyə bilərəm ki, bəzən hansısa bir müəllifin tərcüməsindən sonra digər müəllifə keçəndə məndə müəyyən çətinliklər yaranır. Görürəm ki, artıq alışdığım düşüncə sistemi burada yoxdur. Fikrimcə, tərcümə ilə bağlı dərinliklər təcrübədə qazanılır”.
O, ümumilikdə tərcümə prosesində Azərbaycanın elə də güclü ənənələrinin olmadığını söyləyir: “Məsələn, ötən əsrin 70-ci illərində belə bir informasiya oxumuşdum ki, Estoniyanın əhalisi Azərbaycandan üç dəfə az olsa da, orada dünyanın 71 dilindən orijinaldan tərcümə edənlər var. O dövrdə Azərbaycanda yəqin ki, orijinaldan tərcümə edən şəxsləri barmaqla saymaq olardı. Bu, onun göstəricisidir ki, vaxtilə bu ölkədə tərcümə prosesinə çox ciddi, dövlət siyasəti səviyyəsində yanaşma olub. Çünki bu, sivil dünyaya inteqrasiya olunmağın vasitələrindən biridir. Güman ki, onlarda hazırda nəticələr daha yüksəkdir. Amma bu sahədə bizdə yerində sayma var. Görünür ki, vaxtında bizdə tərcümə məsələsinə ciddi münasibət olmayıb. Burada amillərin nədən ibarət olduğunu sadalasaq, söhbətdən çox kənara çıxmış olarıq, amma gerçəklik bundan ibarətdir”.
İkinci dildən tərcüməyə səbəb nədir?
Rus dilindən tərcümələr edən A.Gündüz deyir ki, bəzən onun da qarşısında çox kəskin şəkildə suallar qoyurlar ki, nəyə görə orijinaldan yox, ikinci dildən tərcümə edirsən, bu, lüzumsuz işdir: “Bu cür sual qoyanlara hər zaman cavabım ondan ibarətdir ki, əgər biz tutaq ki, 1950-ci illərdə Viktor Hüqonun “Səfillər”ini ikinci dildən çevirməsəydik, nə baş verərdi?! Azərbaycan oxucusunun ümumi səviyyəsində hansı dəhşətli boşluq yaranmış olardı?! Yəni bu, zərurətdən irəli gəlir. Bu, heç olmasa hansısa məsələnin qismən həll olunmasına gətirib çıxardır. İkinci dildən tərcüməyə də səbəb budur. Tərcüməçiliyə başlayanda qarşıma məqsəd qoymuşdum ki, Azərbaycan oxucusunu bacardığım dərəcədə maarifləndirməyə çalışım. Çünki oxucularımızın əlində olan mətnləri gözdən keçirəndə böyük boşluqla rastlaşmışdım. Məsələn, gördüm ki, Azərbaycan oxucusu öz ana dilində Sokratı tanıya bilməz. Ona görə şagirdlərindən Ksenofonun Sokrat haqqında kitabını, Platondan müəyyən dialoqları tərcümə elədim. Volter, ümumiyyətlə, Azərbaycan dilində bir-iki dənə çox qədim nəşrlərlə təmsil olunurdu. Volterin təxminən əhəmiyyətli saydığım 70 faiz əsərini tərcümə etdim. Bunları deməkdə məqsədim odur ki, əgər orijinaldan tərcümə hələ də istənilən səviyyədə deyilsə, ikinci dildən tərcümələr etmək vacibdir”.
A.Gündüz söyləyir ki, sovet illərində tərcümələrdə müəyyən peşəkarlıq olsa da, pis keyfiyyətə malik nümunələr də az deyildi: “Misal üçün, Rabindranat Taqorun əsərlərinin Azərbaycan türkcəsinə tərcümələrini oxumuşam. Çox keyfiyyətsiz tərcümələrdir. Yaxud 1970-ci illərin ortalarında Yaşar Kamalın “İncə Məmməd” adlı romanı tərcümə olunmuşdu, çox bərbad halda idi. Siyahını uzatmaq da olar… Amma digər yanda da tutaq ki, “Səfillər”in mükəmməl tərcüməsi var idi. Baxmayaraq ki, o da ikinci dildən tərcümədir”.
Fikirlər yekdil deyil
Beynəlxalq Tərcüməçilər Günü ərəfəsində bu sahədə olan problemləri, tərcüməçi və oxucuları narahat edən məsələləri qismən də olsa araşdırmaq istədik. Məlum oldu ki, Azərbaycanda ədəbi nümunələrin tərcüməsinin keyfiyyəti ilə bağlı fikirlər yekdil deyil. Oxucuların bir çoxu əsərlərin əksəriyyətinin qeyri-peşəkar tərcüməsindən, mətnlərin “ölü” mətnə çevrilməsindən gileylənirlər. Tərcüməçilər isə hesab edirlər ki, müəyyən problemlər olsa da, ümumilikdə son dövrlər tərcümə sahəsində xeyli irəliləyişlər var.
Amma hələ də əlimizə aldığımız bəzi bədii kitablarda dolaşıq fikirlərə, heç bir hiss ifadə etməyən cümlələrə (hələ qrammatik səhvlərə toxunmuruq), belə desək, duyğusuz, quruca söz yığınından ibarət mətnlərə rast gəliriksə, demək, bu sahədə vəziyyət elə də ürəkaçan deyil…
Və oxucuları narahat edən bütün bu problemlərin aradan qaldırılması üçün ölkədə fəaliyyət göstərən nəşriyyatların da üzərinə böyük məsuliyyət düşür.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”