Cüdo üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
“Report”un məlumatına görə, həlledici qarşılaşmada Fransa yığmasına məğlub olan kollektiv gümüş medalla kifayətlənib.
Yığma görüşə 0:1 hesabı ilə geridə başlayıb. Buna baxmayaraq, komanda əzmkarlıq göstərərək, tarazlığı bərpa edib – 3:3. Qaydalara görə, hesab bərabər olanda həlledici görüş keçirilməlidir. Qarşılaşmanın hansı çəki dərəcəsində olacağı isə püşkatma ilə müəyyən edilir. Püşkatma həlledici görüşün 63 kq.-da olmasına qərar verib. Bu çəkidə yer alan Fidan Əlizadə zədəli olduğuna görə, tatamiyə çıxa bilməyib və qələbə avtomatik Fransa yığmasına verilib.