Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru, səfirliyimizin birinci katibi Samir Abbasov, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı, Azərbaycanın muğam və Özbəkistanın makom sənətinin qarşılıqlı öyrənilməsi və tədqiqi istiqamətində fikir mübadiləsi aparılıb. Bu sahənin tədqiqatçıları arasında təcrübə mübadiləsi aparılması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, xanəndələrlə makom sənətinin müəllimləri arasında əməkdaşlığın qurulması məsələsi müzakirə olunub.
Nazir ölkələrimiz arasındakı mədəni əlaqələrin səviyyəsindən danışıb, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Özbəkistana səfəri zamanı ikitərəfli əməkdaşlığa dair keçirilən görüşlərin faydalı olduğunu söyləyib, əlaqələrin inkişaf etdirilməsində Özbəkistandakı AMM-nin rolunu xüsusi qeyd edib.
O, xalqımızı torpaqların işğaldan azad olunması münasibətilə təbrik edib və iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qənirə Paşayeva bir-birinə çox yaxın olan Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyədə münasibətlərin qurulmasında dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin dostluğunun xüsusi rolu olduğunu qeyd edib.
Komitə sədri vurğulayıb ki, bu günlərdə Azərbaycan öz torpaqlarının işğaldan azad etməsinin bir illiyini qeyd edir və hazırda həmin torpaqlarda geniş quruculuq işləri aparılır.
Azad olunan ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə siyasəti aparıldığını, bütün infrastrukturun, mədəni abidələrin məhv edildiyini söyləyən Qənirə Paşayeva Ermənistanın əsl vandalizm siyasəti həyata keçirdiyini bildirib.
S. Abbasov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib, mərkəzin gördüyü işlər və perspektiv planlar haqqında söhbət açıb.
Tərəflər Azadbek Nazarbekovu Azərbaycana səfərə dəvət edib, Şuşa və Xivə şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında müqavilənin reallaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparıblar.
Görüşdə Gülyanaq Məmmədova muğamlardan parçalar ifa edib.
Sonda A. Nazarbekova “İrəvan xalçaları” kitabı və Azərbaycan xalçası hədiyyə edilib.