- Cəmiyyət

Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Press-klubun sədri Şerzod Kudratxocayev arasında görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında media, mədəniyyət, turizm, elm və təhsil sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ş. Kudratxocayev Azərbaycanla media sahəsində əməkdaşlığın Özbəkistan üçün prioritet olduğunu qeyd edib. Rektor Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği istiqamətində mühüm layihələrin reallaşdırıldığını vurğulayıb. O, Azərbaycan torpaqlarının işğaldan azad olunması və qarşıdan gələn Zəfər Günü münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

S. Abbasov Azərbaycan-Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın görüşləri, ikitərəfli əlaqələrinin genişləndirilməsi, media sahəsində əməkdaşlıq platformasının yaradılması, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri haqqında danışıb.

Diplomat özbək mətbuatı ilə sıx əməkdaşlıq nəticəsində Vətən müharibəsi günlərində qardaş ölkə tərəfindən Azərbaycan həqiqətlərinin yayılmasına mühüm dəstək göstərildiyini qeyd edib. S.Abbasov Azərbaycanla Türkiyə arasında yaradılan dost və qardaş ölkələrlə birgə media platformasına gələcəkdə Özbəkistanın da qoşulmasının əməkdaşlıqda yeni imkanlar açacağını söyləyib.

Rektor təklifin əhəmiyyətini vurğulayaraq gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişlənməsinin vacib olduğunu qeyd edib.

Sonda S.Abbasov Ş. Kudratxocayevə “İrəvan xalçaları” fotokitabını bağışlayıb. (azertag)