- Mədəniyyət

Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb

Azərbaycanlı fiziki məhdudiyyətli gənc rəssam Güllü Vəliyevanın əsəri UNESCO-nun sertifikatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Parisdə yaşayan azərbaycanlı fiziki məhdudiyyətli gənc rəssam Güllü Vəliyevanın əsərləri martın 8-də UNESCO-nun mənzil-qərargahında sərgidə nümayiş olunub. Sərgidən sonra azərbaycanlı rəssamın əsəri qurumun “Ecologie pour notre plante” sertifikatı ilə təltif olunub.

Fiziki məhdudiyyətli Güllü Vəliyevanın “Novruz holliday” adlı başqa bir əsəri UNESCO-nun mənzil-qərargahında 12 üzv ölkənin təşkilatçılığı ilə keçirilmiş Novruz bayramı tədbirində Azərbaycan stendini bəzəyib. Əsər tədbir iştirakçılarının diqqətini cəlb edib.

Qeyd edək ki, G.Vəliyeva hələ kiçik yaşlarından rəssamlığa maraq göstərib. Ancaq ilk dəfə 2018-2019-cü illərdə ciddi olaraq rəsmlə məşğul olmağa başlayıb. O, 2021-ci ildən Fransada yaşamağa başlayandan Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində Ə.Nərimanbəyovanın rəsm dərslərinə qatılıb.

İlk dəfə İtaliyada “Venetian Lagoon in Art” sərgisində iştirak edib və “Teddy Bear“ əsərinə görə uğur sertifikatı ilə təltif olunub. Artıq G.Vəliyevanın digər əsəri UNESCO-nun sertifikatına layiq görülüb.