Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun “Şollerin arxivi” və “Stalinin qaranlıq keçmişi” filmləri daha bir uğura imza atıb. Belə ki, həmin filmlər “Toronto 4th Multicultural” Film festivalının seçilmiş filmlər siyahısına daxil olunub. Ekran əsərləri 23- 26 sentyabr tarixində birincilik uğrunda yarışacaq.
Bu barədə Modern.az-a “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Toronto Film Forumu (TFF) alternativ və müstəqil film istehsalçılarını bütün dünyaya nümayiş etdirmək və tanıtmaq məqsədi ilə 2014 -cü ildə işə başlayıb. Kanadada yaşayan kinorejissorlarının və kino fəallarının təşəbbüsü ilə Kanadanın 150 illiyini qeyd etmək üçün 2017 -ci ildə Torontoda Birinci Multikultural Film Festivalı təşkil edilib. Festival müxtəlif dillərdən, mədəniyyətlərdən olan kinorejissorların filmlərini təqdim etmək üçün böyük bir sahə yaradıb.
Festival 23, 24, 25 və 26 sentyabr tarixlərində keçiriləcək. Açılış və Bağlanış mərasimlərindən başqa hər gün filmlər səhər 10 -dan axşam 10-dək nümayiş olunacaq.
C.Qasımov deyib: “Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə mədəniyyətimizin uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir”.
O bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
“SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filminin redaktoru Əkbər Qoşalıdır və mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insan ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.