ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernik olimpiadasında azərbaycanlı riyaziyyatçılar 6 qızıl, 19 gümüş və 10 bürünc medal qazanıblar.
“Report”un ABŞ bürosu xəbər verir ki, 5-ci dəfə keçirilən olimpiadada bu dəfə dünyanın 49 ölkəsindən 3-cü sinifdən 12-ci sinfə qədər olan şagirdlər yarışıblar.
Yarışda Azərbaycanı “Global Olympic Center”in rəhbərliyi altında müxtəlif məktəblərdə təhsil alan 50-ə yaxın istedadlı şagird təmsil edib.
Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşı Sənan Fərəcov komandanı təbrik edib. Diplomat gənc istedadlara uğurlar arzulayıb, beynəlxalq yarışmada ölkəmizi yüksək səviyyədə təmsil etdiyi üçün onlara təşəkkür edib.
Qeyd edək ki, Kopernik Olimpiadası 2020-ci ildə ABŞ-nin Texas Ştatının Hyuston şəhərinə təhsil sahəsində beynəlxalq təcrübəyə malik pedaqoqlar tərəfindən təsis edilib. Kopernik adı bir vaxtlar Yerin Kainatın mərkəzi olduğuna dair iddianın əksinə olaraq, planetlərin Günəş ətrafında fırlanması ilə bağlı inqilabi nəzəriyyəni irəli sürən məşhur polşalı riyaziyyatçı, fizik və astronom Nikolay Kopernikdən götürülüb. Kopernik olimpiadası dünyanın hər yerindən olan tələbələr fizika, astronomiya, təbiət elmləri və riyaziyyat üzrə öz bilik və bacarıqlarını sınaqdan keçirirlər. Azərbaycan ötən illər ərzində də olimpiadada yüksək səviyyədə təmsil olunub.