- Dil

“Azərtac” akademik Tofiq Hacıyevin mövqeyini təhrif edib

 

Vasif SADIQLI

Ötən həftə “Hophopnamə”nin  təkrar nəşrinin mündəricatında yol verilən ciddi səhv barədə yazmışdıq. Belə ki, prezidentin “Azərbaycan dilində latın qrfikası ilə kütləvi nəşrlərin həyata keçirlməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr edilən kitabın 55-ci səhifəsində gedən şeirin adı (“Abdulla Cövdətin əş’arını təхmis”) bölmə adı kimi verilib və bu başlıq altında 37 şeir toplanıb. Mündəricatı oxuyanda belə qənaət yaranır ki, böyük satirikimiz M.Ə.Sabir Abdulla Cövdətin 37 şeirini təxmis edib. Bu gün də qarşımıza başqa bir ciddi səhv çıxdı. “Xalq qəzeti”nin 23 noyabr 2018-ci il tarixli nömrəsində filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın  “Akademik Tofiq Hacıyev və ortaq türk dili ideyası” adlı qeydləri dərc edilib.

Məqalənin adı bir qədər çaşdırıcı olsa da, mətni oxuyanda aydın olur ki, hörmətli yazı müəllifi akademik Tofiq Hacıyevin elmi irsinə yaxşı bələddir, əsərlərini oxuyub. Mərhum akademikin ortaq türk dili yox, ortaq ünsiyyət vasitəsi tərəfdarı olduğunu bilir və bu mövqeyi müəllifdən sitatlarla təqdim edib, ortaq türk dili ideyasının zərərli olduğunu göstərir: “Tofiq Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında yaranmasının əleyhinə idi… Vətən sevdalı alim 2001-ci ildə mətbuata müsahibəsində belə deyirdi: “Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik sevməz”.

Amma məqalənin təqdimatında “Azərtac”ın qeydi tamam başqa məna verir: “Ortaq türk dili ideyası xeyli vaxtdır gündəmdədir. Bu ideyanı dəstəkləyənlərdən biri də mərhum akademik Tofiq Hacıyev olub. AZƏRTAC bununla bağlı filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın qeydlərini təqdim edir”. Beləliklə, mərhum akademik Tofiq Hacıyevin fikirləri təhrif edilib, “imperiya yaradılması boş xəyal olduğu kimi, ümumi dil yaratmaq da bir heçdir”, “yeni türk dili yaratmağı donkixotluq sayıram” deyən böyük alimimiz cəmiyyətə ortaq türk dili tərəfdarı kimi təqdim edilib. Belə səhvlər Azərbaycan Dövlət İnformasiya Agentliyinə heç yaraşmır.