Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) Serbiyada keçirdiyi “BOKA BAY 2025” beynəlxalq fotomüsabiqəsində dünyanın bir çox ölkəsindən 173 fotoqraf iştirak edib.
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun 2020-ci ildə II Qarabağ müharibəsi zamanı çəkdiyi, erməni ordusunun cəbhə xəttindən aralıda yerləşən Gəncə şəhərini raket atəşinə tutmaqla törətdiyi cinayəti əks etdirən “Evi bombalanmış insan” (A bombed-out house) fotosu müsabiqədə Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına layiq görülüb.
Qeyd edək ki, 2024-cü ildə beynəlxalq müsabiqələrdə qazandığı uğurlara görə İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının EFIAP/d1(Excellence FIAP Diamond1) fəxri adına layiq görülüb və bu günlərdə ona IAAP-ın (International Association of Art Photographers) prezidenti tərəfindən təbrik və təşəkkür məktubu ünvanlanıb.