Dilşünas alim, filologiya elmləri namizədi, dosent Əlirza Əliyevin bu yaxınlarda çapdan çıxmış yeni kitabı “Bədii ədəbiyyatda onomastik vahidlər” adlanır. Azərbaycan dilçiliyinin nisbətən az tədqiq olunmuş bu sahəsi ilə bağlı son illərdə aparılmış elmi araşdırmaların elmi yekunu olan kitabda şifahi və yazılı ədəbiyyatımızın müxtəlif bədii nümunələri və janrları əsasında onomastik vahidlərin linqvistik təhlilindən bəhs edilir.Müəllif bədii əsərlərdən seçmiş olduğu onomastik vahidləri təhlil edərkən həm də elmi paralellər aparmış, leksik semantik,qrammatik və uslub baxımından geniş aspektdə izahlı təhlilini vermişdir.
İki bölməyə ayrılan kitabın 1-ci bölümündə “Şifahi xalq ədəbiyyatında onomastik vahidlər”, 2-ci bölümündə isə “Yazılı ədəbiyyatda onomastik vahidlər” təhlil edilir. “Şifahi xalq ədəbiyyatında onomastik vahidlər”dən bəhs edərkən dilçi alim şifahi xalq ədəbiyyatının əsas janrlarının elmi təhlilini konkret misallar əsasında aparır, gəldiyi nəticələri oxucusu ilə bölüşür. “Qəhrəmanlıq dastanlarında onomastik vahidlər”dən söz açan dosent Əlirza Əliyevin “Koroğlu” və “Qaçaq Nəbi” dastanları əsasında onomaligiya ilə bağlı araşdırmaları tədqiqatçılar üçün yeni və maraqlıdır.
Kitabın ikinci bölümü həcmcə böyük olmaqla bərabər , mövzuca da rəngarəngdir.Dilçi alim “Klassik ədəbiyyatda onomastik vahidlər”, “Müasir poeziyamızda onomastik vahidlər”, “Dram əsərlərində onomastik vahidlər” dən söz açarkən klassik və müasir poeziyanın, dramarurgiyanın ən tanınmış nümayəndələrinin əsərlərini təhlilə cəlb edib, İ.Nəsiminin, M.Füzulinin, M.F.Axundzadənin, C.Cabbarlının, S.Rəhmanın yaradıcılıqlarında onomastik vahidlərdən necə istifadə olunmasını araşdırmaqla oxucuya bu sahə ilə bağlı maraqlı bilgilər verir.
Qeyd edək ki, kitabdan ali və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya müəllimləri, tələbələr və onomastika ilə maraqlanan hər kəs-geniş oxucu kütləsi bəhrələnə bilər.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri