- Köşə, Manşet

Bəzilərinin diyeriməkliyi

On illərdir işləyən saatların əqrəbi durmadan yerini dəyişir, kəfkir amplitudanın iki tərəfi arasında özünü həlak edir, Yer Günəşin, Ay Yerin başına dönür, qadasını alır, illik təqvimlərin vərəqləri yolunub tökülür, adamların bəzi şakərləri dəyişmir ki, dəyişmir…

… Tolstoy deyirdi, dostluqda tərif arabanın təkərinə yağ çəkmək kimidir. yəni arada olar və ziyanı yoxdu, əksinə… Amma 50 il əvvəl olduğu kimi, yenə baxırsan mətbuatda eyni üslublu başlıqlar ayaq açıb yeriyir: Gözəl insan, vətənpərvər ziyalı, qayğıkeş nəbilimnə… Sonra da başlayırlar, “ayrım yuxası kimi nazik qəlb” belə gəldi, Prometey, Danko fədakarlığı belə getdi…  (Taleyran, Fuşe buqələmunluğundan yazılmaz, təbii).

Yoldaşlar, işinizə müdaxilə kimi olmasın (lap elə olsun. bezdim day. artıq nervilənirəm) mətn özü yenə tərif olsun, heç olmasa sərlövhəni dəyişin… Məsələn, Pərvanə Bayramqızıdan öyrənin. Miladdan bir qədər sonralar olardı (yadımda deyil, Pompey Qafqaza gəlmişdi, ya hazırlaşırdı?) Bəlkə də, daha sonra, Hülakunun Bağdad kitabxanasını Dəclə çayına tökdürdüyü vaxt idi. Orta nəslin yadında olar, Dəclə çayı bir həftə mürəkkəb rəngində axdı, o vaxtlar olardı, bəndeyi-fəqirin haqqında “Bir adı da Ömər Kamildir” adlı yazı yazmışdı – başlıq, göründüyü kimi, orijinal. Mətni isə anlamaq olmur: neçə ildir, oxuyuram, amma nə illah edirəm, anlaya bilmirəm, tərifdi, yoxsa ustalıqla edilmiş tənqid…