Professor Bədirxan Əhmədlinin “Rabindranat Taqor: Yeni Hindistanın manifesti” kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabda dünya ədəbiyyatının klassiklərindən biri Rabindranat Taqorun (1861-1941) həyatı, fəaliyyəti, yaradıcılığı araşdırılır. Müəllif hind ədəbiyyatının görkəmli nümayəndəsi Taqor yaradıcılığını həyatı, mühiti, dünyagörüşü kontekstində təhlil edir, onun bir şair, yazıçı, dramaturq, rəssam, bəstəkar, aktyor, ictimai fikir adamı olaraq portretini yaradır. Bütövlükdə, Taqorun yeni Hindistanın həyatında oynadığı roluna çağdaş prioritetlərlə qiymət verilir.
“Rabindranat Taqor: Yeni Hindistanın manifesti” monoqrafiyasının “Ön Sözü”nün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, rəyçisi filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevadır.