- Köşə

Bənzərəm bir qocaman dağa ki…

Onunla ilk dəfə virtual olaraq 2018-ci ildə  “Ədəbiyyatçılar və dilçilər” qrupunda tanış olmuşuq.  İlk gündən bir-birimizin fikirlərinin yaxınlığından doğan bir doğmalıq hiss etdik. Sonradan bu virtual tanışlıq şəxsi tanışlığa və dostluğa çevrildi. Əqidəcə möhkəm, bilikli və savadlı, öz sərbəst fikri, müstəqil düşüncəsi olan qadınları çox sevirəm. Mübaliğə etmədən deyə bilərəm ki, nədənsə, Tomris, Nüşabə,  Həcər deyiləndə ağlıma ilk olaraq  Sima xanımın obrazı gəlir. Mən o qadınların simasını məhz  Sima xanım kimi təsəvvür edirəm. Qətiyyətli, mübariz, qranit əqidəli… 2018 -ci ildə Orfoqrafiya layihəsi ilə bağlı müzakirələrdə eyni “cəbhədən vuruşlarımız” silahdaşlığa çevrildi və bu silahdaşlıq bizi 2020-ci ilin martlnda tanınmış jurnalist Vasif Sadıqlının yaratdığı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzində birləşdirdi: o, baş məsləhətçi, mənsə sədr müavini kimi.
5 ildir ki, Sima xanımla onun:”FADMM nəzərimdə bir ağacdır, yazda yarpaqlayar, payızda yarpağını tökər. Yarpaq tökümü məhvə aparmaz, yenidən dirçəlməyə zəmin yaradar”— dediyi FADMM-in əsgərləriyik.

O, Bakının əcnəbi dillərdən təmizlənməsi ilə bağlı mübarizənin öncüllərindəndir. Müsahibələrinin birində bu barədə belə deyib:
“Mən Füzuli küçəsinin linqivistik təhlilini apardım. Əslində bu küçədə 142 obyektin böyük bir qismində Azərbaycan dilindən istifadə edilməməsi təəccüblü idi. Ona görə ki, orta əsrlərin dil xüsusiyyətlərini əsərlərində qoruyub saxlayan böyük şairin adını daşıyır bu küçə! Həmin şairin bu gün də anlaşıqlı olan dili ilə qanunlarımız yazılır. Bunlardan biri də reklam və elanların, obyekt adlarının əvvəlcə ana dilində, ehtiyac olarsa, ondan böyük olmamaq şərtilə qeyri dildə yazılmasını özündə ehtiva edən “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunu”dur.  Bakının küçə və prospektlərindəki obyekt adları yazılarkən bu gün də bu qanunun 7-ci maddəsi pozulur”.

Sima xanımı yaxşı tanıyıram. Mənim qədər ona, düşüncələrinə, arzularına, əqidəsində dönməzliyinə, mübarizədə cəsarətinə, mərdliyinə bələd olan az adam olar…  Sima xanım əqidəsinə görə işindən də olub, amma əqidəsindən dönməyib. Bu əqidə, bu mərdlik onu elə bugünkü gördüyümüz Sima xanım kimi tanıdıb: simaca dəyişməz, sözün qədrini bilən, söz sərrafı. Onun fikrincə: “Söz – heç vaxt sənə yük olmayan, ağırlıq gətirməyən, lakin daim sənin tabeçiliyində olan bir silahdır. Bəzən bu silaha sarılaraq həyatını xilas edirsən. Bəzən bu silaha sarılaraq atom dünyasının ən ağır xətalarından  bəşəriyyəti qurtara bilirsən. Bəzən söz səni ali mərtəbələrə çəkib aparır, bəzən də göylərdən yerə çırpa bilir… Güllə qarşısına keçə bilən qeyrətlilərimiz SÖZ qarşısına keçə bilməmişlər, keçməmişlər.”

Azərbaycan dilinə sevgi, dilimizi, xüsusilə, dialektlərimizi gözəl bilməsi, xalqln mənəvi keyfiyyətlərinə dərindən bələdlik və ona əməletmə Sima xanımı çoxlarından fərqləndirir. Ana dilinin qorunması yolunda bu gün də yorulmadan çalışır. Onun təbirincə desək: “Sözlər milli dilimizin köküdür, dil sözdən pöhrələnır. Sözun saflığı dilin saflığıdır. Yetər ki, biz bu saflığı qoruya bilək”.

Sima xanım mənim gözümdə başı qarlı uca  bir dağ zirvəsidir: Mərhumiyyətlərə, çətinliklərə qarşı əyilməz, üstü yığnaqlı, sinəsi söz boxçalı, gül-çiçək ətirli söz-söhbətli, bəzən tutqun, bəzən günəşli, amma hər zaman vüqarlı və təmkinli… Sima xanım daha çox rəhbər vəzifələrdə işləsə də, adının yanında şərəfli “müəllim” sözü onun əməllərinin töhfəsidir, çünki missiyası həmişə öyrənmək və öyrətmək olub. Hansı işdə çalışmasından asılı olmayaraq, vicdanlılıq və məsuliyyətlilik, işinə sədaqət və sevgi onunladır.

Sima xanım həm də gözəl qələm sahibidir. Dilimizin saflığı ilə bağlı neçə-neçə məqalənin müəllifidir. Bu, onda bir istedaddır. Sanki bu sözləri məhz özü üçün deyib: “Çox savadlı adamların çox savadlı mülahizələri ola bilər, amma ecazkar söz istedadlara məxsusdur”.
Bu gün sevinirəm ki, belə bir istedad sahibi olan Sima xanımı tanıyanlar, onu təbrik edənlər arasında mən də varam. Sizi tanıdığıma, Sizinlə eyni qurumda fəaliyyət göstərdiyimə görə çox şadam, Sima xanım. Nə yaxşı ki, varsınız, nə yaxşı ki bizimləsiniz. Həmişə belə olun, həmişə belə eyni simada qalın – dağ vüqarlı, dağ əzəmətli, sözü kəsərli  Sima xanım…

Gülyaz ƏLİYEVA  
Ağdam rayon 38 nömrəli məktəbin dikektor müavini, FADMM-in sədr müavini    

İyun 2025