Vətən müharibəsi dövründə Bərdə şəhəri, dinc əhaliyə qarşı törədilmiş ermənilərin hərbi cinayətlərinin episentrlərindən biri olub. YARAT Müasir İncəsənət Məkanının bu məqsədlə yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət Bərdədə təşkil etdiyi “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisinin vaxtı uzadılıb.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinə və Zəfər hadisələrinə həsr olunmuş sərgi Bərdə Dövlət Rəsm Qalereyasında (Heydər Əliyev prospekti, 84) fevralın 11-dək ziyarətçiləri qəbul edəcək.
Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. Donmuş münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu…
YARAT-ın “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı nə sülh, nə hərb illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir.
“Dumanlar başımda dastana döndü” həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasından bəhs edir. Ümumbəşər tarix üçün çox qısa, lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə qalan 27 illik bu müddət, müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.
Sərginin adı, Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.
Beləliklə, ekspozisiyada Ağababa Bağırov, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza, Zamir Süleymanov və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.