- Köşə, Xəbərlər

Badi-səba, söylə mənim yarıma…

Gülyaz ƏLİYEVA

Badi-səba, söylə mənim yarıma,
Bülbül gülüstana gəlsin, gəlməsin?
Bu hicran düşkünü , illər xəstəsi
Qapına dərmana gəlsin, gəlməsin?

Q.Zakir.

Çərşənbələrdən üçüncüsü, üçüncü bəhs edəcəyimiz qəhrəmanımız hava – yel, küləkdir.

İzahlı lüğətə əsaslansaq, “yel” sözü Yel/ Sel  kökündən törəmişdir. “Meh” mənasını verir. Havanın yer dəyişdirməsi səbəbiylə meydana gələn axındır. Ruh, can, sirr kimi anlamlarla eyni kökdən olduğu söylənilir.  Mənbələrdə onun badi-səba, səba, meh, külək, xəzri, gilavar, qasırğa, tufan, musson kimi  növləri  var. Küləklər də insanlar kimidir. İnsana dost olan, düşman olanı var. Müşfiqin təbirincə desək, sərsəri, bəstəkar, duyğulu , duyğusuz, qorxulu, qorxusuz, uyğulu, uyğusuz küləklər. M. Müşfiq küləkləri sərin, insanı dağlara səsləyən, ruhu azad, bəxtiyar, nəşəli adlandırırdı.

Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!

Dünyanı dolaşanı, sərhədlər tanımayanı,  hər tərəfə əsəni, yalnız bir tərəfə əsəni var küləklərin. Onların da faydalısı, faydasızı, xeyirlisi, xeyirsizi, qəzəblənəndə cinlisi, vurub-dağıdanı, gəmiləri batıranı, qocaman ağacları kökündən çıxaranı var.

Bəziniz qorxulu, bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz uyqulu, bəziniz uyqusuz,
Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!

Su, od, torpaq qədər əhəmiyyətlidir hava, başqa sözlə, yel, külək də…

Həyatımız boyu hamımızın şahidi olduğu, çoxumuz üçün adi hadisə olan küləklərin əmələ gəlməsi Allahın bir çox hikmətlə yaratdığı böyük nemətdir.

Küləklər necə əmələ gəlir?

Havanın isinməsi isinən kütlənin genişlənməsinə, beləliklə, hərəkətə keçərək yuxarı qalxmasına səbəb olur. Ancaq yüksələn hava kütləsi atmosferdən kənara çıxa bilmədiyinə görə əvvəlcə şaquli, sonra üfqi istiqamətdə hərəkət edir. İsinən hava kütləsinin yerini dəyişməsi təzyiqin əmələ gəlməsinə səbəb olur. Hava axıcı olduğuna görə, cazibə qüvvəsinin təsiri ilə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru, sanki yamaclardan axan su kimi hərəkət edir və küləkləri meydana gətirir.

Havanın temperaturuna küləyin təsiri var. Quru ilə su arasındakı temperatur və təzyiq fərqindən əmələ gələn, isti fəsillərdə rast gəlinən meh temperatura təsir edən küləklərdəndir. Bu şəkildə, yüksək təzyiq mərkəzi olan dənizdən alçaq təzyiq mərkəzi olan quruya doğru əsən külək havanı sərinlədir. Burada diqqətçəkən xüsus budur ki, uca Allahın hikməti olaraq bu külək isti fəsildə, günün qızmar saatlarında dənizdən əsərək havanı sərinlədir. Gecələr isə hava onsuz da sərin olduğuna görə, qurunun daha artıq sərinləməsinə ehtiyac yoxdur. Ona görə gecələr bu mexanizm tərsinə işləyir, qurudan dənizə meh əsir. Yay aylarında dənizdən quruya əsən brizlər buna misaldır.

Bəzi küləklər isə əsdikləri ərazinin temperaturu ilə müqayisədə istidir. Fyon küləkləri bunun ən bariz nümunəsidir. Küləklərin bir çox xüsusiyyəti var.

Küləklər yağış yağdırır. Küləklər enerji mənbəyidir.

Dünyadakı enerji tələbatı hər il 4-5% artır. Lakin elektrik enerjisi hasilatında istifadə olunan mineral yanacaq mənbələri getdikcə tükənir. Küləklər tükənməyən enerji mənbəyi olduğu kimi, ən ucuz alternativ enerji resursudur. Küləklər yelkənli gəmilər dövründə də mühüm rol oynayıb. Passatların bəzi dillərdə “ticarət küləkləri” adlandırılmasının səbəbi də budur. Dövrümüzdə də gəmilər küləyin itələmə qüvvəsindən istifadə edir.

Belə bir atalar sözü də var: “Küləklər gəmilərin arzusuna görə əsmir”.

Küləklərin mayalama xüsusiyyəti var. Küləklər yağış damlasını əmələ gətirən kristalları daşıyaraq buludları, toxumların daşınması ilə də bitkiləri mayalandırır. Küləklər müəyyən ölçüdə əsdiklərinə görə yağış yağan musson ölkələrində yağışların az yağdığı və ya gecikdiyi illərdə qıtlıq olmur. Küləklər Allahın müəyyən etdiyi ölçüdən sürətli əssə, daima fırtınalar meydana gələrdi. Küləklər müəyyən ölçüdə əsməsəydi, sərinlədici deyil, dondurucu soyuq və ya səhralarda əsən hamsin, sirokko küləkləri kimi isti-quraq ola bilərdi. Hər iki halda, bitkilər yaşaya bilməz, bitkilər aləminin olmaması isə bütün canlılar aləminin məhvinə səbəb olardı. Yel, külək mülayim əsişi ilə bitkiləri tozandırır, toxumları səpələyib yayır, xırmanda dəni samandan ayırır, canlılara istidə sərinlik gətirir. Göründüyü kimi, küləklər də həyatımızda ən az su, od, torpaq qədər əhəmiyyətli rola malikdir.

Küləyin ziyanverici növləri də var. Ağ yel, qara yel adlı külək növləri ziyanverici, zərərlidir. Qara yel adından da göründüyü kimi, qaraniyyətlidir, zəhmətləri hədər qoyandır. M.Ə.Sabirin təsvir etdiyi məzlum, mülkədar qapısında boynubükük dayanan əkinçinin bu halına səbəb olan, çəltiyə, bostana əsib oranı kor qoyandır qara yel.

“Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi, mənə nə, fəhlələiyin badə, əkinçi! …”.

Xeyirxah küləklər də var, badi-səba, səhər yeli kimi. Həqiqi aşiqlərə kömək edən, məşuquna söz aparıb-gətirən.

Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin, işrət çağıdır,
İçilir hər yerdə peymanə gəlsin!

Q.Zakir.

Klassik ədəbiyyatda  badi-səba, yəni, səhər yeli – həqiqi aşiqlərin dostu, xəbər apırıb-gətirəni, bir növ poçtolyonudur.  M.V.Vidadinin, Q.Zakirin yaxın sirdaşıdır. Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasının obrazlarından biridir. Aşiqi vüsala yetirməkdə cəfalar çəkmiş, dustaq olmuş, xoş niyyətindən əl çəkməmiş fədakar bir obrazdır.

Bəzənsə, külək, əsməsi ilə ümidləri puç edəndir:

Külək, niyə belə əsirsən külək,
Niyə ümidimi kəsirsən , külək?

Mahnıda belə deyilsə, də mən uşaqlıqdan küləyi çox sevirəm. Çünki külək əsəndə ağacların meyvələri budağından oynadar, yığa bilmədiyimiz meyvələri dibinə tökərdi, biz də yığıb yeyir, küləkdə özümüzün düzəltdiyi çərpələngləri uçurur, qarğı atlarımızı səyirdirdik və öz uşaq dünyamızın xoşbəxtləri olardıq. Küləyin ardınca qaçar, qaçar, öz aləmimizdə ona çatmağa can atardıq. Təpə aşağı küləklə bərabər uçardıq. O isə əsla quyruq ələ verməz, saçlarımlzı yoluşduraraq üzümüzə, çiynimizə yayar, yel qanadlı atını səyirdər, bizi də ardınca qaçırardı… Yel çərşənbəsi ərəfəsi daha çox mehin, küləyin əsişinə təsadüf edilirdiyi bir zamandır. Bəlkə də, Bakı küləklər şəhəri olduğundan burada o, o qədər də hiss olunmur. Amma bölgələrdə, xüsusən, Qarabağ zonasında bu, belədir. Beləliklə, 3-cü çərşənbənin adlandırıldığı  hava, yel, külək də dünyanın yaradılışında 3-cü mühüm amildir. Hava olmasa, yaşayış olmaz.

Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir.

Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!

M.Müşfiq.

Külək – Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. 3-cü çərşənbənin adlandığı yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər. Su kimi, od kimi yeldə də ikili xüsusiyyət var. İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti oyadır:

A Yel baba,
Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.

Yellə bağlı bu cür nüanslara folklorumuzda, nağıllarımızda da rast gəlinir.

Yel baba, Yel baba
Əlçimimi ver, baba…

Göyçək Fatmaya olunan haqsızlığı götürməyib, onun əlçimini aparıb qarının daxmasına atan külək. Ögey ananın planını pozub yetim Fatmanın xoşbəxtliyinin səbəbkarı külək. Sən nələrə qadirsən?

Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibayə dedin, nə dedi?
Ahu-naləm asimana yetdiyin
Gərdəni minayə dedin, nə dedi?

Qasım bəy Zakirin ən çox müraciət etdiyi obrazlardan biridir badi-səba. Badi-səba, yelin ən mülayim növlərindəndir. Çərşənbələrdən birinin adının onun adı ilə adlandırılması dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yellə bağlı bir tapmacada “Əllə tuta, göz ilə görə bilmədiyimiz” yelin, havanın gücünə işarə olunur, onun gözəgörünməz, ələkeçməz, sirli-sehrli ünsür olduğu vurğulanır.

Havanın yaradıcılıq stixiyasını öz üzərinə götürən, el arasında yel, külək çərşənbəsi və s. adlarla tanınan çərşənbənin – yel çərşənbəsinin səciyyəvi xüsusiyyətlərindən prof. A.Nəbiyev belə söhbət açırdı: “Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir. Əski etiqadlara görə, torpaq altda – “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Libasların adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik deyimi xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel – ağ libasda, Qara yel – qara libasda, Xəzri – göy libasda, Gilavar – qırmızı libasda təsəvvür edilir”.

Burada göstərildiyi kimi, küləyin gün ərzində bir neçə dəfə dəyişməsi, isti və soyuq şəkillərə düşməsi və s. dəyişkən təbiətlilik nümayiş etdirməklə “ərzi gəzməsi” əslində onun kəşfiyyata çıxmış obrazını – suyu, odu, həmçinin torpağı hərəkətə gətirmək kimi misilsiz gücünü ifadə edir. Təbiətdə əsən yelin gücü ilə külək enerjisinin alınması faktı da bir daha yelin (havanın) dörd yaradılış elementindən biri olmaqla, eyni zamanda, həm də onun enerji – istilik, güc mənbəyi olduğunu (yaradıcı stixiyasını) göstərir. Mifik məzmunun real həyati çalarda təzahürünü ortaya qoyur.

Küləklərin mifik rəng göstəricilərində ifadə olunması isə yelin, küləyin (havanın) mahiyyətində dayanan kosmos (Ağ yel) və antikosmos (Qara yel) qoşalığının olmasından xəbər verir. Qara libasda olan Qara yel və ağ libasda Ağ yel qarşıdurmasında biri qışı və digəri yazı (Novruzu) təmsil etməklə bunların hər ikisi arasında gedən mübarizəni təcəssüm etdirir. Od çərşənbəsindəki od (ünsürü) od olub dünyanı yandırmadığı kimi, məhv etmədiyi kimi, yel çərşənbəsində də yel öz dağıdıcı qasırğasını bir kənara qoyub, xeyirxahlıq iradəsini (yaradıcılıq missiyasını) diktə etdirir. Bununla da xaosdan çıxış missiyasını ifadə edən mərasimi keyfiyyətini təbii proses kimi reallaşdırır.

Azərbaycan mifoloji mətnlərində də Yelin xeyirxah obrazı öz əksini belə tapıb: “Dünyada nə ki yel, külək var, hammısının ixtiyarı Yel babanın əlindədir. Xırman savıranda cəməhət Yel babanı köməyə çağırıb deyər: Yel baba, gəl atına saman apar. Yel baba da gəlib xırmanı savırar. Dən qalar adamlara, samanı da Yel baba aparar öz atına”.

Əməyinizi yel aparmasın. Xırmanlarınız dənsiz qalmasın.
Yel dəyirmanınız daim bərəkətli olsun.
Qazancınız halallıq olsun,
Kələklə gəlib,  küləklə gedən olmasın,
Şimal küləyi olub hər tərəfə əsməyin,
Dədə Ələsgərdən sitat gətirməsəm, olmaz.
Yel vurub gözəllərin üzündən rübəndin atsın, əməyiniz yelə getməsin.

Yel çərşənbəniz mübarək olsun. Qarabağımlzda, inşAllah, bayram tonqalları yansın. Yurdumuzda yel vurub, yengələr oynamasın. Əməyimizi yel aparmasın, zəhmətiniz havaya sovrulmasın. Gününüz ağ, damağınız çağ, kefiniz saz olsun. Qapınızı bir dost kimi sərin mehlər açsın. Qasırğaya, tufana düşməyəsinuz. Ruhunuz da dünyanı dolaşan küləklər kimi azad, bəxtiyar olsun.

Yel çərşənbənuz mübarək olsun.

Xeyirli çərşənbələr!