Bakı Uşaq və Gənclər Teatrının kollektivi Buzovna qəsəbəsindəki Səhiyyə Nazirliyi Sanator Kurort Reabilitasiya Mərkəzində qazi və şəhid ailələrinin qonağı olub. Teatrın aktyorları Vətən müharibəsi şəhidlərinin övladları üçün nağıl qəhrəmanlarını canlandırıblar.
AZƏRTAC xəbər verir ki, İlhamə Əhmədova və Rauf Hüseynlinin aparıcı olduqları tədbirdə teatrın aktrisası Əfruz Əliyevanın ifasında musiqi nömrələri, aktyorlar Türkan Şahmarlı, Qurban Əhmədov, Gülnar Əlizadə, Sənan Fərzəliyev, Rəhimə Abdinova və Röyal Allahverdiyevin ifasında səhnəciklər maraqla qarşılanıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən yüksəkkeyfiyyətli avadanlıqlarla təmin olunan və təcrübəli tibbi personalın çalışdığı Sanator Kurort Reabilitasiya Mərkəzi 14 noyabr 2020-ci il tarixindən Birinci-vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsi qazilərinin istifadəsinə verilib.