Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan Milli Konservatoriyasının (AMK) nümayəndə heyəti ilə dostluq görüşü keçirilib.
525.az xəbər verir ki, görüşdə konservatoriyanın rektoru Xalq artisti, professor Səyavuş Kərimi, Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mirzəyeva Cəmilə, İfaçılıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Quliyeva Leyla, BXA-nın Bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, Elm və yaradıcılıq işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova, Xarici əlaqələr üzrə prorektor Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekanı Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsil (kollec) pilləsinin direktoru Tahir Eynullayev, Milli rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova, Xalq artisti Yusif Qasımov, Elmi katib Həbibə Məmmədova və Tədris şöbəsinin müdiri Yeganə Tapdıqova iştirak ediblər.
Görüş zamanı AMK-nın rektoru Səyavuş Kərimi mövcud pandemiya şəraitində çətinliklərə baxmayaraq, BXA-da xoreoqrafiya təhsil sistemində həyata keçirilən irəliləyişlərin davamlı olmasını arzulayıb. S.Kərimi BXA ilə əməkdaşlığa və dostluq layihələrinə hazır olduqlarını bildirib. O, keçmiş MDB ölkələrində və Şərq aləmində ilk və unikal olan xoreoqrafiya akademiyasının məhz Azərbaycanda yaranmasını böyük tərəqqi olduğunu qeyd edib.
Akademiyanın Bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə son zamanlar ölkəmizdə xoreoqrafiya və musiqi sahəsinin inkişafından danışıb. O, vurğulayıb ki, mövcud sahənin inkişafı peşəkar kadrlara tələbatı artırıb. Hər iki təhsil müəssisələri arasında əməkdaşlıq müvafiq istiqamətdə yaradıcılığın daha da yüksəldilməsinə şərait yaradacaq.
Dostluq çərçivəsində keçən görüşdə təhsildə aparılan islahatlarla yanaşı, mövcud problemlərin həlli ətrafında geniş müzakirə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq layihələrinin həyata keçirilməsi əsasında da fikir mübadiləsi edilib.
Daha sonra BXA və AMK-nın rəhbərləri arasında yaradıcılıq sazişi imzalanıb. Sazişə əsasən, ali təhsil müəssisələri arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı konsertlərin təşkili, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulub.