- Mədəniyyət

Bakıda “Best of India” moda nümayişi keçirilib

Bakıda Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi – “Best of India” keçirilib.

“Report” xəbər verir ki, Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar nümayişin qonaqlarını salamlayaraq qeyd edib ki, tədbir Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsinə həsr olunub.

Müvəqqəti işlər vəkili Azərbaycan ilə Hindistan arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib, hər kəsi sentyabrın 2-dən 12-dək Bakıda keçiriləcək Hindistan mallarının ənənəvi “Best of India” sərgisində iştirak etməyə dəvət edib.

Hindistan səfirliyi tərəfindən təşkil olunan tədbir zamanı bir sıra modelyerlər qonaqlara bu ölkənin ənənəvi qadın geyimlərini – sariləri nümayiş etdirib. Üstəlik, qonaqlara bu paltarın hazırlanması prosesi haqqında videoçarx nümayiş etdirilib. Ardından Nyu Dehlidən olan dizaynerlərin sari kolleksiyası nümayiş olunub.