- Mədəniyyət

Bakıda Beynəlxalq Piano Festivalının açılışı olub

Mayın 20-də Bakıda ilk dəfə keçirilən Beynəlxalq Piano Festivalının açılışı baş tutub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov festival davamlı olaraq tək Bakıda yox, regionlarda da keçiriləcəyini bildirib: “Piano ənənələri Azərbaycanda zəngindir, belə festivalın keçirilməsi gənclərdə marağın artmasına xidmət edəcək. Festival Azərbaycanda piano sənətinə gənclərin daha çox cəlb edilməsinə, yeni istedadların üzə çıxmasına səbəb olacaq”.

I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək. Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.