Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Çiçəklənən Şuşa” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 80-dən çox əsər yer alıb. Ekspozisiyada fırça ustasının Şuşaya, Xocalı faciəsinə həsr olunan əsərləri, abstrakt və peyzaj janrında çəkdiyi rəsmləri nümayiş olunur. Sərgidə həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsində Vətən müharibəsində əldə olunmuş Qələbəyə həsr olunmuş “Ata vəsiyyəti”, “Şuşa qalası”, “Cıdır düzü”, “Xarıbülbül” əsərlərini də görmək olar.
“2016-cı ildə Azərbaycan Rəssamlar İttifaqında sərgim açılanda dedim ki, vaxt gələcək biz Şuşaya qayıdacağıq. Ən böyük arzum Şuşada qalereya açmaqdır. Planlarımda pulsuz rəssamlıq məktəbi açmaq da var. Şuşaya ilk gəldiyimdə ən sevdiyim Cıdır düzünə getdim. Oranı gördüyümdə məni sevinc hissi bürüdü, çünki qəlbində qayıtmaq ümidi ilə yaşayırdım. Sonra illər öncə ayrıldığım evimə getdim. Evin həyətində bitən armud ağacını qucaqladım və kövrəldim. Elə bildim ki, dünyanı mənə verdilər”, – deyə rəssam AZƏRTAC-a müsahibəsində deyib.
Sərgidə rəssamın müasir incəsənətə olan unikal baxışını əks etdirən ən yeni əsərləri nümayiş olunur. Səyyar Əliyevin hər bir əsəri dərin fəlsəfə və zərifliklə doludur, ruhun ən incə tellərini titrədə biləcək gücə malikdir.