Bakıda Küveyt Dövlətinin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
525.az xəbər verir ki, tədbirdə hökümət rəsmiləri, deputatlar, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi ölkəsinin ötən müddət ərzində keçdiyi inkişaf yoluna nəzər salıb.
Azərbaycanla münasibətlərə toxunan səfir deyib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən məmnunluğunu ifadə etməkdən şərəf duyduğunu söyləyib:
“Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur”.
Səfir Küveytdən Azərbaycana turist axınının böyük sürətlə artdığını söyləyib: “Belə ki, 2024-cü il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı əvvəlki illərə nisbətən daha da artaraq 31 min 400 nəfərə yaxın olub. Əlavə etmək istərdim ki, hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir”.
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. O bildirib ki, 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr daim inkişaf edib və bu gün də möhkəmlənməkdədir:
“Azərbaycan və Küveyt arasında əməkdaşIıq əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq aparılır”.
Rəsmi hissədən sonra tədbir ziyafətlə davam edib.