Təsviri sənətin bir növü olan qrafikanın qədim yaranma tarixi var. Azərbaycanda bu sənətin ilk nümunələrinə Qobustan qaya rəsmlərində rast gəlmək olar. Əsrlər ötdükcə bu sənət növü daha da təkmilləşib. Vaxtı ilə daha çox ağ-qara xətlərdən çəkilən qrafik hekayələrdə indi müxtəlif rənglərdən istifadə olunur.
AZƏRTAC xəbər verir ki, “Gazelli Art House” qalereyası “Qrafik hekayələr” adlı sərgi ilə sənətsevərləri yenidən bir araya gətirib. Burada nümayiş olunan əsərlərdə sənətkarlar həm mücərrəd, həm də fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzulara toxunublar.
Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, fırça ustaları Tərlan Qorçu, Zöhrab Salamzadə və Fidan Hümbətli dünyaya öz prizmalarından baxaraq düşüncə və hisslərini yaratdıqları qrafik əsərlərə köçürüblər.
Sərgidə gənc rəssamlarla bir yerdə iştirak etməyin Arif Hüseynov üçün çox maraqlı olduğunu söyləyən Xalq rəssamı deyib: “Gənclərin fikirlərini eşitmək mənə xoş təsir bağışlayır. Burada sənətdə çəkdiyim ilk iki əsərim sərgilənir. Bunları 40 il öncə Rəsul Rzanın “Vaxt varkən” şeirlər kitabından bəhrələnib yaratmışdım. Sevindirici hal odur ki, gənc yaşımda çəkdiyim bu əsərlər öz təravətini hələ də saxlayıb”.
Gənc rəssam Fidan Hümbətli uşaqlıqdan qədim Yunan mifologiyasına maraq göstərib. Müsahibimiz bildirir ki, ona ilham verən qədim sənətkarlar, keramika ilə məşğul olan rəssamların əsərləridir: “Düşünürəm ki, qədim yunanlar elə o zamandan anlayırdılar ki, heç kəs insan kimi mehriban, gözəl, nəcib və mürəkkəb bir varlıq ola bilməz. Çox vaxt şəxsi həyat təcrübəmdə də paralel təhlillər aparıram. Elə bu təhlillərin nəticəsində qara və qırmızı rənglərdən istifadə edərək “Troya atı”nı yaratmışam. On illik nəticəsiz müharibədən sonra yunanlar Troya şəhərinə taxtadan düzəldilmiş at hədiyyə göndəriblər. Bəxşişin içərisi isə şəhəri zəbt etmək üçün göndərilmiş əsgərlərlə dolu olub. Mənim hazırladığım bu hekayə də onu göstərir ki, həyatda heç nə xaricdən göründüyü kimi deyil”.
Sərgiyə baxdığınız zaman yaradıcılığında dərvişlərə və yuxulara geniş yer ayıran gənc rəssam Zöhrab Salamzadənin dörd əl işini görəcəksiniz. Gənc rəssam söyləyir ki, çəkdiyi rəsmlərin mövzularını tarixdən və dindən götürür: “Özüm rəngkar olsam da qrafika ilə rəngkarlığı birləşdirmişəm. Burada sərgilənən tablolarda dərvişlər və onlar haqda təsəvvürləri ağ kağıza köçürmüşəm. Məsələn: Bir tabloda yaqut daşlarından söhbət gedir. Bildiyiniz kimi nar Cənnət meyvəsidir. Dərviş yaquta bənzər narları dənələyir və kəşkülün içərisinə yığır. Sanki dəyərli bir yaqut kimi…”
Hər kəs vaxtını səmərəli keçirmək və ruhunu rəngarəng gözəlliklərlə qidalandırmaq istəyirsə iyunun 1-dək “Qrafik hekayələr” sərgisinə üz tuta bilər.