Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Müstəqil Teatrlar Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış incəsənət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.
Festivalın təşkilatçılarından biri Xalq artisti Vidadi Həsənov bildirib ki, tədbir uzun müddətdən sonra Mədəniyyət Nazirliyinin yanında İctimai Şuranın köməyi ilə ilk dəfə keçirilir: “Bakıda 20-yə yaxın müstəqil teatr var. Düşünürəm ki, bu festival gəncləri daha da həvəsləndirəcək. Tədbir 7 gün davam edəcək. Festival çərçivəsində 11 tamaşa göstəriləcək, həmçinin panellər keçiriləcək”.
Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova festivalın işinə uğurlar arzulayıb: “Bu təqdirəlayiq layihədir. Bütün layihələrdə özəl teatrlara yer ayrılır”.
Daha sonra Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya…” tamaşası oynanılıb.