İyulun 10-da Dənizkənarı Milli Parkda Bakıda ilk dəfə keçirilən Opera Günlərinin bağlanış mərasimi olub.
Xalq artisti Fidan Hacıyeva Opera Günləri ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Tədbirin əsl bayram ab-havasında keçdiyini bildirən F.Hacıyeva deyib: “Bu gün mən səhnədə məşhur “Karmen” operasını səsləndirəcəyəm. Bu çıxış çoxsaylı tamaşaçıların istəyi ilə reallaşır və mənim üçün böyük bayram anlamı daşıyır. Opera musiqisi dinləmək əsl zövqdür. Artıq ikinci ildir ki, mənim təşəbbüsümlə Opera Festivalı təşkil olunur. Belə tədbirlərin mütəmadi keçirilməsi vacibdir, çünki həm sənətsevərlərin marağını artırır, həm də klassik musiqi irsimizi yaşadır. Opera Günləri üçün uğurlu repertuar seçilib”.
Opera Günlərinin Azərbaycanda ilk dəfə keçirilməsinin sevindirici olduğunu diqqətə çatdıran Xalq artisti Azər Zeynalov qeyd edib: “Layihə həm məzmun, həm təşkilatçılıq baxımından uğurludur. Ən çox qürur verən məqam insanların opera musiqisinə maraq göstərmələri və bu sənətə olan diqqətin artmasıdır”.
Konsert proqramında Əyyub Quliyevin dirijorluğu ilə ifaçılar tərəfindən Tofiq Quliyevin “Vals”, İohann Ştrausun “Radetski Marşı”, Romano Musumarranın “Luna Tu”, Françesko Sartorinin “Time to Say Goodbye” əsərləri və digər musiqi nömrələri səsləndirilib.