- Mədəniyyət

Bakıda tatar maarifçisi Kayum Nasirinin 200 illiyi qeyd olunub

Rusiyanın Tatarıstan Respublikasının ölkəmizdəki nümayəndəliyinin akt zalında görkəmli tatar maarifçisi, filosof, etnoqraf Kayum Nasirinin anadan olmasının 200 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilatçısı qismində Kayum Nasiri İnstitutunun Bakıdakı Təhsil-Mədəniyyət Mərkəzi çıxış edib. Yubiley mərasiminin təşkilində “Ak kalfak-Bakı” tatar qadınları cəmiyyəti, “Tatarıstan” İctimai Birliyi, “Tuqan tel” tatar mədəniyyəti cəmiyyəti və Azərbaycanın Tatar İcması da iştirak ediblər.

Ədəbi-musiqili tədbiri Bakıdakı Kayum Nasiri Mərkəzinin direktoru və metodisti Elmira Yusifli açıb. O, alimin elmə, ədəbiyyata, dilçilik və etnoqrafiyaya verdiyi töhfələrdən danışıb.

Sonra Kayum Nasirinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbir Kayum Nasiri Mərkəzi tələbələrinin ifasında “Bişek jırı” mini səhnəciyi və “Ak Kalfak” ansamblının tatar xalq melodiyaları mövzusunda musiqili kompozisiyası ilə davam edib.

Tamaşaçılar, həmçinin Azərbaycandakı tatar diasporunun yaşlı və gənc nümayəndələrinin ifasında alimin fəlsəfi düşüncələri, mülahizələri və nəsihətləri dünyasına qərq olublar.

Gecədə qədim tatar mahnıları, bayatılar, məsəllər, şeirlər, rəvayətlər və musiqi əsərləri səsləndirilib.

Bundan əlavə, “Yalkın” rəqs qrupunun üzvləri tatar milli rəqsini təqdim ediblər.

Tədbirin sonunda bütün iştirakçılar və tamaşaçılar birlikdə tatar xalqının “Tuqan tel” himnini ifa ediblər.

Ədəbi-musiqili gecənin sonunda foyedə K.Nasirinin “Aşpaz üçün təlimatlar” kitabından reseptlər əsasında hazırlanmış və ədviyyatlar əlavə edilmiş çayın dequstasiyası olub.

Həmçinin tədbir zamanı nümayəndəliyin foyesində tamaşaçılar Kayum Nasirinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi ilə tanış olublar.

Tədbir “Mədəniyyət” telekanalı tərəfindən işıqlandırılıb.