- Mədəniyyət

Bakının sirləri

XIX əsrin rus şərqşünası İvan Beryozin və Azərbaycanın paytaxtı

Bakı və Azərbaycan, bildiyimiz qədərilə, heç vaxt tədqiqatçı və alimlərin diqqətindən kənarda qalmayıb. Onlar hamısı özlərindən sonra bir qayda olaraq fotoşəkillər, elmi işlər, yol qeydləri, ya da gündəlik tipli yazılar qoyublar. Belə alimlərin arasında məşhur şərqşünas, türkoloq, Peterburq Universitetinin nəzdindəki Şərqşünaslıq şöbəsinin yaşlı professoru, gizli müşavir İlya Nikolayeviç Beryozinin adını xüsusi vurğulamağa ehtiyac var. Alim özündən sonra Azərbaycan və Bakıdan geniş şəkildə bəhs etdiyi “Dağıstan və Zaqafqaziyaya səyahət” adlı fundamental bir əsər qoyub gedib.

İlya Beryozin 18 iyul 1818-ci ildə Perm quberniyasında dağ təsisatında xidmət edən məmur ailəsində dünyaya göz açıb. Gözəl ailə tərbiyəsi və təhsili alıb, sonra Yekaterinburq qəza məktəbində və Perm gimnaziyasında oxuyub. Kursu bitirən vaxt dillərə olan marağı onu 1834-cü ildə Kazan Universitetinin Şərq fakültəsinə gətirib.

Beryozin orada həmin dövrün tanınmış professoru Erdmanın rəhbərliyi altında ciddi şəkildə ərəb və fars dillərini öyrənməyə başlayıb. 1837-ci ildə elmlər namizədi elmi dərəcəsini alaraq, professorluq rütbəsini qazanmaq üçün universitetdə qalıb. O ərəfədə farsların və tatarların məişəti, yaşayış tərzi ilə yaxından tanışlıq məqsədilə Həştərxana səfər edib. Kazana qayıdanda “Maarifçiliyin inkişafına təşviq edən səbəblər nədir və Məhəmməd dövlətlərində onun qarşısını nə alır” mövzusunda dissertasiyasını müdafiə edərək 1841-ci ildə Şərq xalqlarının dilləri üzrə magistr dərəcəsinə yiyələnib.

1842-ci ildə Beryozin Kazan Universitetinin hesabına Şərqə elmi ezamiyyətə gedib. Onun səyahət planını, görəcəyi işləri, tövsiyələri və tapşırıqları əfsanəvi şəxsiyyət, görkəmli şərqşünas alim, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin birinci dekanı, professor, rus şərqşünasları məktəbinin banisi, ümumilikdə Rusiyada şərqşünaslığın atası, Nadir şahın hakimiyyəti dövründə Dərbəndə köçmüş, tanınmış ailənin övladı Aleksandr Qasımoviç Kazımbəy (1802-1870) (Mirzə Məhəmməd Kazımbəy) hazırlamışdı.

Kazımbəyin planına əsasən, Beryozin üç il ərzində bütün Zaqafqaziyanı, İranı, Ərəbistanı, Misiri və Türkiyəni gəzib dolaşıb, bu ölkələrin dillərini, xalqların məişət həyatını, Şərq dövlətlərinin ədəbiyyatını, habelə qədim abidələrini araşdırıb. Şərq dilləri və ədəbiyyatının zəngin nümunələrini əldə edən gənc şərqşünas (o vaxt “oriyentalist” adlandırmaq yaman dəb düşmüşdü) Kazana qayıdıb. Şərqdə gördüyü işlərin, apardığı tədqiqatların hesabatı 1845-46-cı illər ərzində Kazan Universitetinin “Elmi yazılar” jurnalında dərc olunub. Səyahət haqqında Beryozin özü “hələ heç bir rus tədqiqatçısı Asiya üzrə buna bənzər bir iş görməyib, çətin ki, yaxın zamanlarda hansısa əcnəbidən də belə bir iş çıxsın” yazmışdı.

Səyahətdən qayıtdıqdan sonra Beryozin 19 mart 1846-cı ildə Kazan Universitetində Türk dili kafedrasında professor vəzifəsinə yüksəlib. Lakin mühazirə oxumaq yalnız doqquz il sonra mümkün olub: 1855-ci ildə Peterburq Universitetinin nəzdində Şərq dilləri fakültəsi açılıb və Kazan Universitetinin şərq şöbəsi bütünlüklə ora köçürülüb. Digər professorlar – Popov və Vasilyevlə birgə, Beryozin də Peterburq Universitetinin kafedrasında işləməyə başlayıb. Beryozin türk-tatar dilləri üzrə vəzifə tutub və elə ömrünün sonuna qədər də orada işləyib.

Peterburqda Beryozin jurnal ədəbiyyatında əsasən 1842-1845-ci illər ərzində etdiyi səyahətlər əsasında qələmə aldığı “Oçerklər”indən Şərq haqqında məqalələr dərc etdirməklə geniş fəaliyyət göstərib. “Oçerklər”dən başqa, dövrün ən nüfuzlu mətbu orqanlarında Şərqə aid çoxlu resenziya və böyük tənqidi məqalələrlə çıxış edib.

Onun ən maraqlı və diqqət cəlb edən oçerkləri «Московские Ведомости», habelə «Русский Вестник» qəzetlərində dərc olunurdu. “Rusiya İmperatorluğu Arxeoloji İcmanın Şərq bölməsinin işləri”ndə də xeyli sayda yazıları işıq üzü görüb.

Beryozinin uzun illik elmi fəaliyyətinə rus və fransız dillərində qələmə aldığı saysız-hesabsız elmi işlər daxildir. Bunlardan ən əhəmiyyətliləri aşağıdakılardır:

“Dağıstan və Zaqafqaziyaya səyahət” (yuxarıda bu barədə xatırlatmışıq)

“Türk dilinin qrammatikası”

“Türk-tatar əlyazmalarının təsviri”

“Şərq türklərinin kitabxanası”

“Xanların dilləri”

“Şimali İrana səyahət”

“Şərq salnamələrinin məcmuəsi”

“Türk müntəxəbatı”

Beryozininin sonuncu işlərindən ən mühümü 1873-1882-ci illərdə yazılan və 16 cilddən ibarət olan “Rus ensiklopedik lüğəti”dir. Həmin lüğət elə müəllifin öz sağlığında mühüm hadisə kimi təqdir edilib. Bu lüğətin geniş oxucu marağına səbəb olması Beryozini onu “Yeni ensiklopedik lüğət” adı altında bu dəfə tamamilə yeni formada işləməyə sövq edib. Ancaq təəssüf ki, bu lüğətin yalnız dörd cildi çıxıb və o, yarımçıq qalıb. Beryozinin arzusu bu kitabın hamı üçün əlçatan və münasib qiymətə olması idi.

Görkəmli tədqiqatçı-alim vəfat edəndə «Московские Ведомости» qəzeti onun ölümü ilə bağlı geniş nekroloq dərc edib. Nekroloqda bunlar yazılmışdı: “Altmış il ərzində adı təkcə Rüsiyada deyil, onun hüdudlarından çox kənarda – Şərqdə, habelə Qərbi Avropada tanınan bu alimin xidmətlərini yada salıb xatirəsini yad etməmək mümkün deyil”. Müasirləri onun Avropanın ən qabaqcıl türkoloqlarından biri olduğunu yaxşı bilirdilər. Yeri gəlmişkən, Beryozin əməyinə görə altı odenlə təltif olunmuşdu, bunlardan biri də “İranın II Dərəcəli “Şiri-Xurşid” ordeni” idi.

Ensiklopedik biliyə malik bu şəxsiyyət haqqında təkcə sağlığında yox, ölümündən sonra da «Нива», «Новое Время», «Волжский Вестник», «Исторический Вестник», «Правительственный Вестник», «Журнал Министерства народного просвещения» kimi nüfuzlu mətbu orqanlar yazıblar. Sovet vaxtı onun haqqında SSRİ şərqşünaslarının məcmuəsində də geniş məqalə dərc olunub.

Beryozinin “Dağıstan və Zaqafqaziyaya səyahət” əsərində Bakı və onun qədim arxitekturası haqqında çoxlu dəyərli fikirlər oxuya bilərik. Məsələn, İçərişəhər haqqında yazdığı qeydlərə nəzər salaq: “Bakının qalası qurudan bürc və xəndəkləri olan iki, dəniz tərəfdən isə bir divarla əhatə olunub, qaldırıcı körpüyə malikdir, yaxşı qorunur, cənub-qərb tərəfdən şəhərə hakimlik edən təpələri var. Daha kiçik divar Dağıstanda türklərin hökmranlığından əvvəl inşa edilib, bəzi yerlərdə dağılıb. Əsas divar isə Mustafa Paşanın əmri ilə hörülüb, daha sonra ruslar tərəfindən bir az da düzəldilib və təkmilləşdirilib; o hündürdür, möhkəmdir və geniş formada tikilib. Qərb tərəfdəki çuxurdan çay axır, birinci və ikinci divarın arasından isə hövzəsi olan çay keçir. Qüllələr rusların əl işidir. Bakı qalasında quruda iki darvazalı gözətçi qülləsi var: Bakıya gəldiyim şimal-şərq tərəfdəki Şamaxı qülləsi və içərisindən keçərək Bakı qəbiristanlığına getdiyim cənub-qərb tərəfdəki Dağlıq qülləsi (Qubernator bağının aşağı hissəsindəki Salyan qülləsi). Dənizkənarı tərəfdə də bir neçə kiçik çıxışlar var, istəyənlər birbaşa, yaxud divardan aşmaqla da keçib gedə bilərlər; özüm də bir dəfə bu yolu sınaqdan keçirtmişəm”.

Şamaxı darvazalarının üstündə olan ərəbcə yazıları məhz Beryozin tərcümə edib. Qala divarlarını sökəndən sonra həmin yazıları içəri hissəsinə (indiki halına) köçürüblər. Oradakı yazının tərcüməsi belədir: “Bu sarsılmaz qala və möhkəm divarın inşası 1027-ci ildə (Qriqorian təqvimi ilə 1618-ci il) Zülfüqar xanın müzəffər və uğurlu hakimiyyətinin əli ilə hörmətli Xaqan, böyük Sultan, xalqların sahibi Şah Abbas Hüseynov Əl-Musəvi Səfi Bahadır xanın – Allah onun səltənətini qorusun! – əmin-amanlıqla hökmranlıq etdiyi dövrdə əmr edilmişdir”.

Maraqlıdır ki, Beryozinin tərcüməsində göstərdiyi tarix 1861-ci ildə Bakıda olmuş akademik Boris Dornun qeyd etdiyi tarixdən fərqlidir. Dornun qeydlərində, həmçinin sonrakı yazılarda bu tarix 1017 (Qriqorian təqvimi ilə 1608-ci il), yəni on il fərqlə verilib.

Hələ bir baxın, görün Beryozin Divanxananın əsas girişini necə böyük heyranlıqla vəsf edir: “İçərisində getdikcə dərinləşən ərəb qübbəsi olan bəzəkli hündür fasad xırda arabesklərin (naxış, bəzək) içində itir… Bu qübbəni elə bil bu dəqiqə Qahirənin ən gözəl məscidindən çıxardıb, hansısa tilsimin gücü ilə gətirib bura qoyublar: hər şey burada necə təptəzə, necə zərifdir!”

Qəribə, eyni zamanda maraqlı gələn odur ki, Beryozinin ağızdolusu söz açdığı bu Divanxana haqqında nələr deməyiblər! Ən çox səsləndirilən fikir (əksər bələdçilər indiyə qədər bu haqda deyib dururlar) budur ki, bura təkcə xanın cinayətkarları mühakimə etdiyi divanxana yox, həm də cinayətkarlara işgəncə verildiyi yerdir. Ardınca Beryozin yazır: “Şərq memarlığı ilə dərindən tanışlığı olmayan adamlar elə güman edirlər ki, bura divanxana yox, hamamdır! Təxəyyülləri əsrarəngizliyə alışan insanlar isə zaldakı fəvvarə üçün su borusunda Bakı hökmdarının təbəəliyində olanlara işgəncə etdiyi qorxunc otağı görürlər. Bu, artıq Şərq cəhalətinin ən pik nöqtəsidir”.

Onun şah sarayına münasibətində heyranlıq hissi ilə kədərin qarışığı var: “Bakı sarayı materiallarının möhkəmliyi və inşasındakı sənətkarlığa görə müsəlman memarlığının ən yaxşı abidələri sırasındadır: bütün sarayları kərpicdən tikilən İranda buna bənzər bircə bina belə yoxdur, halbuki ölçüsünə görə İsfahan, ya da Tehran saraylarına uduzsa da, onlar zərifliyinə və çəkilən zəhmətin ağırlığına görə çətin ki, Bakı sarayının yanından keçə bilsin. Şirvanşahların yurdunu təhlükə altına qoyan gələcək üçün ürəyim ağrıyır. Gəmilər üçün ballastı belə buradan götürən kiçik Bakı quldurlarının qəfil hücumlarından yerli-dibli yoxa çıxmağı üçün elə də çox vaxt lazım deyil. Amma səliqəyə salınıb düzəldilsəydi, yüksək rütbəli qonaqların qarşılanması üçün gözəl bir məkan ola bilərdi. Üstəlik bu, Rusiya hüdudlarında daxma belə adlandırılmağa layiq olmayan Baxçasarayla müqayisədə özünəməxsusluğu ilə Şərq sarayı olardı. Nuxadakı (Şəki) saray haqqında isə heç nə xatırlatmaq belə istəmirəm”.

Qız Qalasına gəldikdə isə, bu məsələdə Beryozin bir az ənənəvi mövqedən çıxış edir: “Məncə, bu qala sahilə yaxınlaşan gəmiləri müşahidə etmək və şəhərin müdafiəsi üçün bir növ qarovulxana məqsədilə tikilib. Bunun ərəb coğrafiyaşünası Məsudinin Xəzər dənizində quldurluq edən rusların Bərdəyə hücumları barədə yazdığı vaxtlara aid olduğunu düşünürəm. İndi qalanın lap başında bir vaxtlar basqınlarından qorunduqları rusun bayrağı yellənir…”

Beryozin bakılılara münasibəti haqqında yazırdı: Bakı müsəlmanları əsasən ticarətlə məşğuldur və haqlı olaraq Dağıstanın ən mədəni xalqı hesab olunurlar. Bakı əhalisi sakit və gülərüzdür…” Onun sözlərinə görə “tacirlər arasında müsəlman yerlilər çoxluq təşkil edir”. Bu isə erməni və ermənipərəst tarixçilərin Bakı tacirlərinin əksəriyyətinin erməni olması ilə bağlı dedikləri fikirlə daban-dabana ziddir.

Ümumiyyətlə götürsək, Beryozinin çox dəyərli müşahidələri və qeydləri var. Özü də o, Bakıda vur-tut bircə ay olub – 1842-ci ilin 16 avqustundan 16 sentyabrına qədər. Beryozin özü bu barədə yazır: “Sentyabrın 16-da təəssüf hissi ilə Bakıdan çıxdım və araba ilə yenə də uzaqlara yol aldım…”. Bakı Beryozinin çox xoşuna gəlibmiş: “Bakıda olmaq mənə çox xoş oldu”, “Bütün Xəzəryanı ölkələr içində bu, ən şən şəhərdir”.

Yekun olaraq demək istərdim ki, “Səyahət…” asan və yaxşı anlaşılan dildə yazılıb. Beryozin özünü burada təkcə yorulmaz tədqiqatçı kimi göstərməklə qalmayıb, həm də gözəl yumor hissi olan bir təhkiyəçi kimi tanıtmağı bacarıb.


O.Bulanovanın İ.Beryozin haqqında məqaləsini Aygün Əziz tərcümə edib