Sinəmizdə şərik olub,
Bu dağlara “Baş Sarıtel”.
Həzin-həzin nəğmə deyib,
Bulaqlara “Baş Sarıtel”.
Sim teldimi, tel simdimi,
Nağıldımı, tilsimdimi.
Açardımı – “Simsim”dimi,
Otaqlara “Baş Sarıtel”.
Tanrı verən paydı vallah,
Şəlalədi, çaydı vallah,
Sığınanda toydu vallah,
Qucaqlara “Baş Sarıtel”.
Dindirərsən, mehrinə bax,
Küsdürürsən, qəhrinə bax,
Od ələyər-sehrinə bax,
Ocaqlara “Baş Sarıtel”.
Kim bilir ki, kimindi o,
Məhəbbətə zəmindi o,
Allah yazan himndi o,
Bu dağlara “Baş Sarıtel”.
Süzüləndə şərbətvari,
Unudarsan sərvət, varı.
Çəkib neçə sənətkarı,
Sınaqlara “Baş Sarıtel”.
Gah çılğındı, gah ürkəkdi,
Təmiz vicdan, düz ürəkdi.
Gədəbəydə duz-çörəkdi,
Qonaqlara “Baş Sarıtel”.
Ramiz gəlib ehtizaza,
Istər sənə dastan yaza.
Qurban olum telli saza,
Barmaqlara “Baş Sarıtel”.