Sentyabrın 18-dən 24-dək Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə XVI Batumi Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF 2021) keçiriləcək.
Azərbaycanın Batumidəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, festivalda 30 ölkədən 70-ə yaxın bədii və sənədli tammetrajlı və qısametrajlı filmlər nümayiş etdiriləcək.
Builki tədbirdə Azərbaycanı gənc rejissor Azər Quliyev təmsil edəcək. Festivalda onun 2021-ci ildə istehsal olunan 15 dəqiqəlik “Təngnəfəs” bədii filmi nümayiş olunacaq.
Qeyd edilib ki, beynəlxalq tədbir Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Batumi meriyası, Milli Kino Mərkəzi, Acarıstanın Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə reallaşacaq.
Festival koronavirus pandemiyası səbəbindən bəzi məhdudiyyətlərin tətbiqi ilə və tövsiyələrə tam uyğun olaraq təşkil ediləcək.