- Cəmiyyət, Manşet

“Bayden İsrail və Ukraynaya böyük məbləğdə yardımı razılaşdırmaq niyyətindədir” – “Bloomberg”

“İsrailə yardım ABŞ Konqresində geniş dəstəyə malikdir, amma Ukraynaya yardım Nümayəndələr Palatasında respublikaçıların buna sadiqliyindən asılıdır…”
“İsrail ABŞ-dan 10 milyard dollar məbləğində fövqəladə yardım göstərilməsini xahiş edib…”
ABŞ prezidenti Co Bayden İsrail və Ukraynaya birgə hərbi yardıma, Meksika ilə sərhəddin möhkəmlənməsinə və Tayvan da daxil olmaqla  Hind-Sakit okean regionu ölkələrinə yardıma əlavə 100 milyard dollar məbləğində yardım üçün sorğunu nəzərdən keçirir.
Moderator.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Bloomberg” nəşri yazıb.
Qeyd edilir ki, İsrailə yardım ABŞ Konqresində geniş dəstəyə malikdir, amma Ukraynaya yardım Nümayəndələr Palatasında respublikaçıların buna sadiqliyindən asılıdır.
Bundan başqa, sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsinin bu paketə daxil ediıməsi xarici yardımı muqrantların ABŞ-a axını ilə əlaqələndirən respublikaçıların dəstəyini almaq niyyəti ilə bağlıdır.
Senat liderləri Baydenin razılaşdırmaq üçün sorğunu bu həftənin sonunadək göndərməsini gözləyir.
Mənbələr izah edib ki, Baydenin bir neçə həftə ərzində üzərində işlədiyi paket bütöv bir ilin maliyyələşməsini əhatə edir. Bu, Konqresin razı olacağı təqdirdə birdəfəlik ayrılacaq yardımın kifayət qədər böyük olması ilə əlaqədardır.
Senatın Demokratlar Partiyasından xarici işlər üzrə komitəsinin rəhbəri senator Ben Kardin qeyd edib ki, o, konkret məbləği göstərən sənədi hələ görməyib, lakin əgər bu, 100 milyarda çatarsa, “təəccüblənməyəcək”.
Kardin əmin olduğunu bildirib ki, belə sorğunun Senatda keçməsi üçün həm demokratların, həm də respublikaçıların dəstəyi ilə “yaxşı şansları vardır”.
Oktyabrın 15-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, gələn həftə o, Konqresdən Ukrayna və İsrailə dəstək üçün ümumi həcmi təxminən 2 milyard dollar olan maliyyə yardımı paketini razılaşdırmağı xahiş edəcək.
Dünən “The New York Times” qəzeti məlumat verib ki, İsrail ABŞ-a müraciət edərək, 10 milyard dollar məbləğində fövqəladə yardım göstərilməsini xahiş edib.
Qeyd edilir ki, ABŞ-ın İsrailə göstərə biləcəyi yardımın son məbləği Baydenin İsrailə səfəri zamanı müzakirə edilib.

moderator.az